Yay gələndə insanlar adətən istirahət üçün təbiətin qoynuna - çimərliklərə, dağlara, meşələrə üz tutur, dənizin sərinliyindən, meşənin yaşıllığından, dağların gözəlliyindən zövq alırlar. Amma hər dəfə özlərindən sonra ətrafda əcaib mənzərə qoyurlar - qarpız və yemiş qabıqları, plastik su qabları, çipsi paketləri, siqaret kötükləri, yemək qalıqları…
Beləcə insan təbiətə gələrək təbiəti yox edib gedir. Düşünmür ki, bu dəniz, bu sahil, bu dağ, meşə bizimdir, fikirləşmir ki, təbiət də canlıdır, təmizlik sevir. Axı, dənizin, onun sahilinin, meşənin, çayın evimizdən, həyətimizdən nə fərqi var?! Əgər evimizi səliqəli saxlayırıqsa, zibili yerə tullamırıqsa, bəs niyə çöldə, təbiətdə bunu edirik?
Bu davranış təkcə təbiətə deyil, gələcək nəsillərə də zərbə vurur. Sabah hər birimizin övladı o çimərlikdə ayaqyalın gəzəcək, o dənizdə çiməcək, o meşədə dincələcək, o çaya girəcək. Sənin tulladığın şüşə qabın saxsısı onun ayağına batacaq, atdığın siqaret kötüyü ətrafı yandırıb külə döndərəcək. Bunu düşünmək bu qədərmi çətindir? Dənizin dalğaları, dağların mehi, meşənin sərinliyi bizə rahatlıq gətirsə də, biz onu ancaq zibilləyirik. Sonra da deyirik ki, niyə təbiət çirklənib, niyə su bulanıqdır, niyə çayda balıq qalmayıb, ağaclar niyə quruyub? Daha fikirləşmirik ki, bütün bunlar əməllərimizin fəsadlarıdır.
İnsafən, bir çox istirahət yerlərində obyekt sahiblərinin ərazinin təmizliyinə ciddi nəzarət etməsini, dolan zibil qutularının tez-tez boşaldılmasını da müşahidə edirik. Amma bu yetmir, hər birimizdə vətəndaş məsuliyyəti olmalıdır. Yoxdursa, xeyri olmayacaq. Ən təhlükəli olan isə bu psixologiyadır: "Onsuz da hamı zibil atır, mən tək nə edə bilərəm?" Bu cür fikirlər məsuliyyətsizliyin, laqeydliyin etirafıdır. Əslində isə hər dəyişiklik insanın özü ilə başlayır. Sən öz zibilini yığışdıranda, balaca bir uşaq onu görür və öyrənir. Sən təbiətə hörmətlə yanaşanda, bu, cəmiyyətə yayılır. Amma biz əksinə edirik - çimərlikdən və ya təbiət qoynundan geri dönəndə arxamızda çökmüş vicdanımızın izlərini buraxırıq.
Bəli, qanunlar var, amma bütün ciddiyyəti ilə tətbiq olunmur. Zibil atanlar həmişə cərimələnmir, nəzarət zəifdir, təmizlik bələdiyyələrin boynuna atılır və s. Əslində təbiətin qoynunda hər dincələnə bir nəzarətçi qoymaq da çətindir, gərək insanın içində ətraf mühitə sevgi, ekoloji mədəniyyət olsun.
İndi düşünmək və dərk etmək zamanıdır. Bu dəniz də, meşə də, çay da, dağ da bizimdir, xalqımıza məxsusdur. Təbiəti çirkləndirmək oturduğun budağı kəsmək deməkdir. Gəlin vicdanımızı oyadaq, gəlin uşağımızın sabah ayağına batacaq şüşə parçasını bu gün özümüz təmizləyək, gəlin təbiəti sadəcə sevməyək - onu qoruyaq. Çünki vətəni qorumaq təkcə cəbhədə, səngərdə olmur, bəzən bu, sahildə bir plastik şüşəni götürməkdən keçir. Yay gələn kimi hər kəs dənizə, meşəyə, dağa can atır. Həftəsonu minlərlə insan ailəsi, dostları ilə çimərliklərə, dağ rayonlarına axışır. Gəlin elə edək ki, təbiət də bizimlə görüşməyə can atsın, daha bu görüşdən peşman olmasın, bizi qınamasın.
Biz hər dəfə ölkəmizin təbiətindən danışanda qürurla deyirik: "Dənizimiz var, dağlarımız, meşələrimiz var…" Amma bu varlıqlarla öyünmək azdır, həm də gərək onları qoruyasan. Qorumasan səndən qisas alacaq. Təbiətin qisası isə amansız olur.
Nərminə ƏSGƏROVA,
"Azərbaycan"