Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Cavidan Cavadovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 7 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.
İttihama görə, hadisə 14 may 2023-ci il tarixdə, saat 22 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən kafedə qeydə alınıb.
Belə ki, Cavidan Cavadov həmin kafedə əyləşib spirtli içki içən zaman obyektin sahibi, zərərçəkmiş Gülnar İsmayılzadə (adı, soyadı şərtidir) ilə mübahisə edib. Buna səbəb isə qadının ondan gündüz vaxt satdığı ərzaq məhsullarını almaması olub. Bu zaman Cavidan zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrinə əl və ayaqla qəsdən vuraraq, ona yüngül zərər yetirib.
Məhkəmə istintaqında Cavidan Cavadov ona elan olunmuş ittihamla bağlı ifadəsində göstərib ki, Gülnar İsmayılzadə pivəni gətirən zaman qadının baş barmağı pivənin içində olduğunu görüb. O, elə mübahisənin də bunun üstündə olduğunu qeyd edib.
Kamal Məmmədov