AZ

Fransa Azərbaycana böhtan atır

"...Sizə isə mən burada xoşbəxt həyat arzulayıram. Siz buna layiqsiniz. Siz uzun illər çadırlarda, qaçqın düşərgələrində yaşamısınız. Biz imkan daxilində çalışmışıq ki, həyatınızı bir az yüngülləşdirək. Burada artıq 100-dən çox insan məskunlaşıb, bu gün də, dünən də gələnlər var. Onlardan bir hissəsi Biləsuvardakı qaçqın şəhərciyində yaşamışdır. Yəqin ki, mənim o şəhərciyə gəlişimi xatırlayan da var. Birinci dəfə 20 il bundan əvvəl orada olmuşam. Çalışmışıq ki, yeni mənzillər, yeni evlər tikək və təqribən 300 minə yaxın, bəlkə də çox keçmiş köçkün 2020-ci ilə qədər normal şəraitlə təmin edilmişdir. Ancaq ondan da çox insan ağır vəziyyətdə yaşamışdır. Ona görə bu gözəl binalarda yaşamaq sizin haqqınızdır, siz buna layiqsiniz". 

Bu sözləri Prezident İlham Əliyev ötən il Cəbrayıl Şəhəri Günündə rayonun ilk sakinləri ilə görüşündə demişdi. Bu gün isə ilk köçdən bir il keçməmiş azad edilən ilk şəhərdə - Cəbrayılda artıq 2856 nəfər (659 ailə) məskunlaşıb. Elə ötən gün də yola salınan köç karvanının çatacağı ünvan Cəbrayıl şəhəri idi. Bu mərhələdə 44 ailə (166 nəfər) dədə-baba evinə qayıdıb. Onlardan 34 ailə Bakı şəhərindən, 10 ailə Biləsuvar rayonundan yola salınmışdı. Beləliklə, daha bir qrup sakinin yurd həsrətinə son qoyulub. 

Bu gün işğaldan azad olunmuş bütün ərazilərdə sürətli bərpa və quruculuq işləri davam edir. Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzura mütəmadi səfərləri, yeni şəhərlərin, kəndlərin, müəssisə və obyektlərin təməlinin qoyulması, açılış mərasimləri, köç karvanları Böyük qayıdışın dövlətin beş milli prioritetindən biri olduğunu əyani göstərir. İndiyədək 18 şəhər və rayona köçürülən 16979 nəfər - 4267 keçmiş məcburi köçkün ailəsi də beş il ərzində bu ərazilərdə görülən quruculuq işlərinin miqyasını bir daha nümayiş etdirir.

Bu say işğaldan azad olunmuş torpaqlarda yalnız mərhələli şəkildə öz evlərinə qayıdanlardır. Ümumilikdə bu gün Qarabağ və Şərqi Zəngəzurda 50 mindən çox insan yaşayaraq müxtəlif sahələrdə çalışır, quruculuq prosesində iştirak edir və ya təhsil alır. Quruculuq prosesi nəticəsində açılan yeni iş yerləri isə orada yaşayan insanların məşğulluğunu təmin edir.

Növbəti il Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası başa çatacaq. Bu mərhələdə Qarabağ və Şərqi Zəngəzurda ümumilikdə 140 min insan məskunlaşacaq. Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev 2027-2030-cu illəri əhatə edəcək "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə  Böyük Qayıdışa dair II Dövlət Proqramı"nın hazırlanması haqqında da sərəncam imzalayıb. Bu proqramın da vaxtında icra olunacağını elə indidən söyləmək olar. Bu əminliyə görülən işlərin sürəti əsas verir. 

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
15
azerbaijan-news.az

1Mənbələr