Tramp: Seul 350 milyard dollarlıq investisiya vəd edib...
ABŞ prezidenti Donald Tramp Cənubi Koreya ilə yeni ticarət sazişinin imzalandığını açıqlayıb.
Poliqon xəbər verir ki, Tramp müqavilə barədə məlumatı Truth Social sosial platformasında paylaşıb.
Sazişə əsasən, Cənubi Koreyadan ABŞ-a idxal olunan mallara 15% həcmində gömrük rüsumu tətbiq olunacaq. Bu, 7 iyulda açıqlanmış 25%-lik rüsumla müqayisədə əhəmiyyətli endirimdir. Əvəzində Seul hökuməti ABŞ iqtisadiyyatına 350 milyard dollar sərmayə yatıracağını və ABŞ-dan 100 milyard dollar dəyərində enerji məhsulları alacağını öhdəsinə götürüb.
Trampın yaxın iki həftə ərzində Seula səfər edəcəyi və orada Cənubi Koreya prezidenti Li Çje Myonq ilə görüşəcəyi gözlənilir. Tərəflər həmin görüş zamanı sazişin yekun detalları üzərində razılaşacaqlar.
Qeyd edək ki, hələ aprel ayında Cənubi Koreyanın o zamankı müvəqqəti prezidenti Xan Dok Su bildirmişdi ki, ölkəsi Trampın rüsum qərarlarına müqavimət göstərə bilməyəcək. Onun sözlərinə görə, Cənubi Koreyanın sənaye gücü, maliyyə inkişafı, mədəniyyəti və iqtisadi rifahı ABŞ-ın köməyindən ciddi şəkildə asılıdır.
Poliqon.info