Baş nazir Mark Karni tanınmanın konkret şərtlərlə həyata keçiriləcəyini bildirib...
Poliqon xəbər verir ki, Kanada sentyabr ayında keçiriləcək BMT Baş Assambleyasının sessiyasında Fələstin dövlətini tanımağı planlaşdırır. Bu barədə ölkənin baş naziri Mark Karni rəsmi bəyanatla çıxış edib.
Bəyanatda qeyd olunur ki, tanınma qərarı Fələstin Milli Administrasiyasının zəruri islahatlara sadiqliyi ilə əsaslandırılır. Sənəddə xüsusilə Fələstin rəhbəri Mahmud Abbasın “idarəetmə sistemində fundamental islahatlar aparacağına, 2026-cı ildə ümumi seçkilər keçirəcəyinə və HƏMAS hərəkatının bu seçkilərdə iştirak etməyəcəyinə dair öhdəliyi” vurğulanıb.
Baş nazir Karni həmçinin HƏMAS-a müraciət edərək 2023-cü il oktyabrın 7-dəki hücum zamanı ələ keçirilmiş girovların dərhal azad olunmasını tələb edib və təşkilatın “Fələstinin idarəçiliyində heç bir rola malik olmamalı olduğunu” bildirib.
Qeyd edək ki, bundan öncə The Times qəzeti Böyük Britaniyanın baş naziri Kir Starmerin də Fələstini tanımaq planı üzərində işlədiyini və bu planın yaxın günlərdə təqdim edilə biləcəyini yazmışdı. Ötən həftə isə Fransa prezidenti Emmanuel Makron da Fələstinin tanınmasını dəstəklədiyini bəyan etmişdi.
Poliqon.info