AZ

Kamala Harris Kaliforniya qubernatorluğuna namizəd olmayacaq

ABŞ-nin sabiq vitse-prezidenti siyasi fəaliyyətini davam etdirmək niyyətindədir...

ABŞ-nin sabiq vitse-prezidenti Kamala Harris 2026-cı ildə Kaliforniya ştatında keçiriləcək qubernator seçkilərində iştirak etməyəcəyini açıqlayıb.

Poliqon xəbər verir ki, bu barədə The Hill nəşri məlumat yayıb.

Qeyd edək ki, Harris ötən ilin noyabrında keçirilən prezident seçkilərində Donald Trampa məğlub olmuşdu. 

“Cəmiyyətə xidmətə həyatını həsr edənlərə qarşı böyük heyranlıq və hörmət hissi bəsləyirəm... Eyni zamanda etiraf etməliyik ki, siyasətimiz, idarəçiliyimiz və institutlarımız çox vaxt amerikalı xalqı yarı yolda qoyub. Bu da mövcud böhrana səbəb olub”, deyə  Harris qubernatorluğa namizədliyini irəli sürməkdən imtina etməsini saslandırıb.

Kamala Harris dövlət xidmətindən tamamilə çəkilmək niyyətində olmadığını bildirərək, gələcəkdə Demokrat Partiyasına daha fəal şəkildə dəstək olacağını bəyan edib.

Xatırladaq ki, Kaliforniya ştatının hazırkı qubernatoru 2019-cu ildən bu vəzifəni icra edən demokrat Qavin Nyusomdur. Növbəti seçkilər 2026-cı ildə keçiriləcək. Seçkilərdə iştirak edəcəyini açıqlayan əsas namizədlər arasında sabiq Los-Anceles meri Antonio Villaraigosa və Kaliforniyanın keçmiş baş prokuroru, eyni zamanda prezident Co Baydenin administrasiyasında səhiyyə naziri olmuş Xavyer Beserra da var.

Poliqon.info

Seçilən
16
poliqon.info

1Mənbələr