ABŞ Federal Ehtiyatlar Sistemi (FES, Mərkəzi Bankın funksiyalarını yerinə yetirən qurum - red.) bu il beşinci dəfə qısamüddətli faiz dərəcəsini dəyişməz saxlayıb.
Senzor.az bildirir ki, bu barədə qurumun sədri Cerom Pauell mətbuat konfransında məlumat verib.
Onun sözlərinə görə, FES 29-30 iyul tarixlərində keçirilən iki günlük müzakirələrdən sonra uçot dərəcəsini illik 4,25-4,5% səviyyəsində saxlayıb.
Bununla o, Prezident Donald Trampın azalma ilə bağlı davamlı çağırışlarını rədd edib.
Cerom Pauell tətbiq edilən tariflərin bəzi mallar üçün qiymət artımına töhfə verməyə başladığını, lakin siyasətin son təsirinin qeyri-müəyyən olaraq qaldığını da söyləyib.
“İnflyasiyanın nəzarətdə saxlanılması üçün nə lazımdırsa, edəcəyik”,- deyə o bildirib.
Qeyd edək ki, FES-in faiz dərəcəsi ilə bağlı növbəti iclası 16-17 sentyabr tarixlərinə planlaşdırılıb.