Valentina Matviyenko kimdir və niyə Qərbin diqqət mərkəzinə düşüb?..
Poliqon xəbər verir ki, sanksiya altında olan Rusiya Federasiya Şurasının sədri olan Valentina Matviyenkonun Cebevrəyə səfəri Qərbdə böyük maraq doğurub və bu səfər barədə The Times nəşri böyük məqalə ilə çıxış edib.
Nəşr yazır ki, Rusiya Prezidenti Vladimir Putinin ən yaxın silahdaşlarından biri, ölkənin ən yüksək vəzifəli qadın siyasətçisi Valentina Matviyenko illərlə ictimai diqqətdən uzaqda qalsa da, bu yaxınlarda İsveçrənin Cenevrə şəhərində baş verən hadisə onun dünya gündəminə çıxmasına səbəb olub.
Onilliklər ərzində Putinin ətrafında olan bir çox şəxslər ya ambisiyaları, ya da "müasir çarın" gözündən düşmək nəticəsində siyasi səhnədən siliniblər. Lakin siyasi mövqeyini qoruyub saxlaya bilənlər arasında ortaq bir xüsusiyyət var — onların çoxu Putin kimi Sankt-Peterburqdan çıxıb. Putin burada doğulub, kommunal mənzildə böyüyüb, küçə davalarında iştirak edib və KQB-də xidmət etdikdən sonra bu şəhərdə siyasi karyerasına başlayaraq Kremlin zirvəsinə qədər yüksəlib.
Putinin 1985-ci il təvəllüdlü qızı Mariya Vorontsova da bu gün Sankt-Peterburqda həkim kimi çalışır. Eyni zamanda bu şəhər, hazırda Rusiyanın "ən nüfuzlu qadını" adlandırılan və uzun illər diqqət mərkəzindən uzaq qalmağı bacaran Valentina Matviyenkonun da evidir.
Lakin bu sakitlik Cenevrədə baş verənlərlə pozuldu. Rusiya Federasiya Şurasının sədri olan Matviyenko "Parlamentlərin qadın spikerləri" adlı tədbirdə iştirak etmək üçün İsveçrəyə yollandı və bu, Qərbdə diplomatik qalmaqala səbəb oldu. Tədbirə baxmayaraq, Matviyenkonun ölkəyə buraxılması bir sıra dövlətlər tərəfindən sanksiyaların pozulması kimi qiymətləndirildi.
Ukraynanın Xarici İşlər Nazirliyi onun Cenevrəyə səfərini “biabırçılıq” adlandırdı və bu səfərin “heç vaxt baş verməməli olduğunu” bildirdi. Rusiya dövlət televiziyası isə Matviyenkonun gül-çiçəklə qarşılanmasını nümayiş etdirdi. Onu müşayiət edən 13 nəfərlik nümayəndə heyətində beynəlxalq sanksiyalara məruz qalan Dövlət Duması deputatları da yer alıb. Ukrayna nümayəndə heyəti isə cəmi 3 nəfərdən ibarət olub.
Matviyenkonun səfəri ilə bağlı Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi belə bir bəyanatla çıxış edib.
“Biz dayanmadan çalışacağıq ki, Valentina Matviyenko layiq olduğu başqa bir səfərə, Ukraynaya qarşı təcavüz cinayətinə görə fəaliyyətə başlayacaq Xüsusi Tribunalın yerləşəcəyi Haaqa şəhərinə getsin”, deyə bəyanatda deyilir.
Bu qalmaqal Putinin ən yaxın ətrafına nadir bir nəzər salmaq imkanı yaratdı. 76 yaşlı Matviyenko 2011-ci ildə Federasiya Şurasına rəhbərlik etməyə başlayaraq, Rusiya tarixində Yekaterina Böyükdən sonra ən yüksək vəzifəli qadın siyasətçi oldu. O, 1998-ci ildə Boris Yeltsin dövründə sosial məsələlər üzrə baş nazir müavini olub. 2003-cü ildə isə Putin onu Sankt-Peterburqun qubernatoru təyin etdi. Bu dövrdə o, şəhərin modernləşdirilməsi, biznesin cəlb edilməsi ilə tanınıb. Lakin eyni zamanda korrupsiya, qeyri-şəffaf tenderlər və favoritizm ittihamlarına da məruz qalıb.
2010-cu ildə Matviyenko seçicilərə xoş gəlmək üçün “sosulilər”in — binadan sallanan buz parçalarının lazerlə vurularaq yox edilməsi ideyasını da təklif edib.
Polşa, Varşava şəhərində yerləşən Piletski İnstitutunun dosenti, doktor İan Qarner hesab edir ki, Matviyenko “siyasi və maliyyə imperiyası” sayəsində Rusiyanın ən nüfuzlu qadınına çevrilib. O, sovet dövründən bu günə qədər siyasi sistemdə möhkəm yer tutmağı bacarıb. Lakin Garner xəbərdarlıq edir ki, Rusiyada heç bir vəzifə Putindən asılılıqdan tam azad deyil.
“Əgər o, bir gün prezidentin etimadını itirsə, özünəməxsus müstəqil güc bazasına malik deyil və bununla da siyasi baxımdan müdafiəsiz qalacaq”, deyə Qarner bildirib.
Analitiklər Putini Matviyenkoya bağlayan əsas faktorun onların ortaq keçmişi olduğunu bildirirlər. Hər ikisi 1990-cı illərdə post-sovet Sankt-Peterburq siyasi arenasında meydana çıxıb və bu səbəbdən Matviyenko "ən etibarlı şəxslər dairəsi"nə daxildir.
“Onun parlaq, lakin makiavelist yanaşması ondadır ki, o, heç vaxt konkret siyasi prinsip və ideyalara sadiqlik nümayiş etdirməyib. Hər zaman hakimiyyətdə olan tərəfin xəttini dəstəkləyib”, deyə Qarner əlavə edir.
Bununla belə, bir məsələdə Matviyenko Putinə tam dəstək verir: o, Ukraynadakı müharibəyə görə məsuliyyəti Qərbin üzərinə ataraq Kiyev və Qərbi təqsirləndirir. Eyni zamanda Kreml siyasətinə uyğun olaraq QHT-lərə, xarici mediaya və internetə nəzarəti sərtləşdirən qanunvericiliyi də dəstəkləyib.
ABŞ, Böyük Britaniya, Aİ və bir sıra digər ölkələr Matviyenkoya qarşı 2014-cü ildə Krımın ilhaqını dəstəklədiyi və müharibəyə verdiyi dəstəyə görə sanksiyalar tətbiq edib. Onun Cenevrədə görünməsi İsveçrənin sanksiyalar rejiminə sadiqliyi ilə bağlı suallar yaradıb.
“Əgər sabah Putin dünyasını dəyişsə və tamamilə fərqli kurs götürən yeni bir rəhbərlik iş başına gəlsə, əminəm ki, Matviyenko siyasi və maliyyə baxımından sərfəli olduğu müddətdə həmin kursu da dəstəkləyəcək. Əgər daha liberal biri hakimiyyətə gəlsə, o, biznes yönümlü siyasətə qayıdacaq. Yox əgər Rusiya daha qaranlıq, avtoritar və hətta faşist bir yola girsə, Matviyenkonun buna qarşı mənəvi etiraz edəcəyini düşünmürəm”, deyə Qarner fikrini yekunlaşdırır:
Poliqon.info