AZ

“Rüsum müharibəsi”ndə “atəşkəs” olacaqmı?

Tramp – Cinpin görüşündə razılıq əldə edilə bilər

ABŞ və Çin arasında keçirilən iki günlük danışıqların sonunda tərəflər yeni gömrük rüsumlarının tətbiq müddətinin uzadılması barədə razılığa gəlməyə yaxınlaşdı. Görüşlər ABŞ Prezidenti Donald Trampın Çin Xalq Respublikasının sədri Si Cinpinlə mümkün görüşünü nəzərdən keçirdiyi bir dövrdə baş tutdu.

Danışıqlarda nə baş verdi? Çinin baş müzakirəçisi, Dövlət Şurası sədrinin müavini Xe Lifen bildirib ki, tərəflər “dərin, açıq və konstruktiv” müzakirələr aparıb və 12 avqustda başa çatacaq 90 günlük tarif pauzasının daha 90 gün uzadılması üzərində işləmək barədə razılığa gəliblər. ABŞ maliyyə naziri Skott Bessent isə deyib ki, bu məsələ müzakirə olunub, lakin yekun qərar prezident Trampın təsdiqindən asılıdır: “Çinli həmkarlarımız bir qədər tələsdilər”.

ABŞ tərəfi əlavə olaraq Çinin İran nefti alışları, Rusiyaya ikili təyinatlı texnologiyaların ötürülməsi və istehsal səviyyəsinin qlobal tələbatı aşması kimi məsələlərə dair narahatlığını ifadə edib. Bessent deyib ki, ABŞ strateji sahələrdə – nadir torpaq metallarında, yarımkeçiricilərdə, dərman preparatlarında riskləri azaltmağa çalışır: “Bu balansı necə təmin edə biləcəyimizi müzakirə etdik”.

Tariflərin gələcəyi və əsas narahatlıqlar hələ də qalır. Hazırda ABŞ Çin məhsullarına 30 faiz, Çin isə Amerika məhsullarına 10 faizlik rüsumlar tətbiq edir. Apreldə gərginliyin pik nöqtəsində rüsumların üçrəqəmli faizlərə yüksəldilməsi təklifi gündəmə gəlmişdi. Lakin mayda Cenevrədə keçirilən danışıqlarda 90 günlük “rüsum fasiləsi” qərarı ilə münasibətlər nisbətən sabitləşdi. Stokholmda baş tutan son raund isə bu fasilənin uzadılması imkanlarını genişləndirdi. Danışıqlar İsveçin Baş naziri Ulf Kristerssonun dəstəyi ilə baş nazirlik ofisində, 5 saatlıq qapalı görüş formatında keçirildi.

Danışıqların fonunda ABŞ Prezidenti Donald Tramp ÇXR lideri Si Cinpinlə görüşü müzakirə etdiyini bildirdi. “Görüş il sonunadək ola bilər”, – deyə Tramp jurnalistlərə bildirib. O, Truth sosial şəbəkəsində “Çinə dəvət almışam, əks halda marağım yoxdur” mesajını paylaşıb. ABŞ nümayəndə heyətinin üzvü Ceymison Qrir bildirib ki, onlar Vaşinqtona qayıdaraq prezidentlə danışacaq və 12 avqust müddətinin uzadılıb-uzadılmayacağını müəyyən edəcəklər.

ABŞ son aylarda Birləşmiş Krallıq, Yaponiya və Avropa İttifaqı ilə tariflərlə bağlı razılaşmalar əldə etsə də, Çinlə münasibətlər hələ də qeyri-müəyyəndir. “Çin çox praqmatik davranır”, – deyə Qrir bildirib. Onun sözlərinə görə, müntəzəm görüşlərin davam etməsi danışıqlar üçün əsas yaradır. Asiya Siyasətləri İnstitutunun vitse-prezidenti, ABŞ-ın sabiq ticarət nümayəndəsi Vendi Katler isə xəbərdarlıq edib: “Çin artıq Trampın ilk prezidentliyindən dərs alıb və bu dəfə birtərəfli razılaşmaya razı olmayacaq.”

Danışıqlarda tərəflər uzunmüddətli balansın əldə olunması üçün ilkin şəraitin formalaşdığını qəbul edir. ABŞ tərəfi daxili istehsalın gücləndirilməsi, kənd təsərrüfatı və enerji məhsullarının ixracı, habelə ticarət balansındakı kəsirin azaldılmasını prioritet sayır. Çin tərəfindən danışıqların nəticələri barədə konkret detallar verilməsə də, tərəflərin fəal təmas saxlayacaqları və ticarət məsələləri üzrə vaxtında məlumat mübadiləsi aparacaqları təsdiqlənib.

Beləliklə, Stokholm danışıqları ABŞ – Çin ticarət müharibəsində yeni bir “fasilə” mərhələsi yarada bilər. Lakin uzunmüddətli sabitlik üçün qarşılıqlı kompromislər və liderlər səviyyəsində siyasi iradə hələ də əsas amil olaraq qalır. Əgər fundamental məsələlər həll olunmazsa, gələcəkdə yeni ticarət gərginlikləri qlobal iqtisadiyyatı yenidən təhdid edə bilər. Dünya iqtisadiyyatının gələcəyi, böyük ölçüdə bu iki iqtisadi supergücün uzunmüddətli əməkdaşlıq və ya rəqabət yolunu seçməsindən asılı olacaq.

Səbuhi MƏMMƏDOV
XQ

Seçilən
17
xalqqazeti.az

1Mənbələr