Paris, 30 iyul, AZƏRTAC
Fransanın Luara-Atlantik departamentində yerləşən yüksəkriskli Seveso təsnifatına malik kimya məhsulları zavodunda kimyəvi maddələrin sızması qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, hadisə zamanı azot turşusu və sulfat turşusu tərkibli maddənin tökülməsi nəticəsində zavod ərazisində sarımtıl tüstü yaranıb.
Departament prefekturasının məlumatına görə, hadisənin ilkin mərhələsində müəssisə rəhbərliyi 100 metr radiusda yerləşən qonşu müəssisələri xəbərdar edərək onlardan özlərini izolyasiya etmələrini xahiş edib. Eyni zamanda, tüstünün yayılmasının qarşısını almaq üçün su pərdəsi qurulub və hadisənin ətraf mühitə təsirini qiymətləndirmək üçün yanğınsöndürmə briqadası və Nant metropolunun risklərin qarşısını alma üzrə əməliyyat qrupu yerində tədbirlər görüblər.
Prefektura bildirib ki, aparılmış təbirlər hadisənin müəssisə hüdudlarından kənarda heç bir təsir yaratmadığını göstərib və buna əsasən önləyici izolyasiya tədbiri ləğv edilib. İlkin analiz nəticələri təskinlikverici olaraq qiymətləndirilib.
Hadisə zamanı insan itkisi və ya ciddi xəsarət barədə məlumat verilməyib. Bu hadisə, yüksəkriskli kimya zavodlarında təhlükəsizlik və sürətli reaksiya prosedurlarının nə qədər vacib olduğunu bir daha göstərir.