Bakı, 30 iyul, AZƏRTAC
“ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin 2025-ci il Münxen Təhlükəsizlik Konfransındakı çıxışı zamanı Trans-Atlantik münasibətlərdə yaranan gərginliyə münasibəti bildirməsi uzun müddətdir Avropa İttifaqının (Aİ) öz daxilində tətbiq etdiyi ikili standartları açıq şəkildə ifşa edib”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
O qeyd edib ki, C.D.Vensin çıxışı, xüsusilə söz və fikir azadlığı məsələlərində Avropada mövcud olan riyakarlığı üzə çıxarıb. Deputat daha sonra bildirib: “Onun sözləri Avropada demokratik dəyərlərə dair ikili standartlar məsələsini kəskin şəkildə gündəmə gətirib. Transatlantik əlaqələrdə isə ciddi gərginlik yaradıb. C.D.Vens Avropa hökumətlərini və Aİ rəsmilərini sərbəst söz azadlığını boğmaqda və “dezinformasiya”, “misinformasiya” kimi anlayışları bəhanə edərək siyasi opponentləri susdurmaqda ittiham edib. O, bunu “Sovet dövrünə xas” təcrübələrlə müqayisə edərək, Avropanın öz dəyərlərindən uzaqlaşdığını gündəmə gətirib. ABŞ-ın vitse-prezidenti fikirlərində Avropada sağçı partiyaların siyasi prosesdən kənarlaşdırıldığını, xüsusilə Almaniyada “Alternativ für Deutschland” (AfD) partiyasına qarşı qoyulan “divar”ı açıq şəkildə tənqid edib. O, bu cür təcrübələrin demokratiyanın əsas prinsipi olan xalqın səsinə hörmətsizlik olduğunu vurğulayıb. Həmçinin C.D.Vensin AfD lideri Alice Veidel ilə görüşməsi və Almaniya kansleri Olaf Şoltsla görüşdən imtina etməsi də bu mövqeyi gücləndirən addım kimi qiymətləndirilib. Avropadakı miqrasiya siyasətini “nəzarətdən kənar” kimi xarakterizə edən vitse-prezident bu prosesin Avropanın “özünü məhv etməsi” olduğunu vurğulayıb”.
Deputat bildirib ki, Avropa İttifaqının qəbul etdiyi Rəqəmsal Xidmətlər Aktı (DSA), əslində, senzura üçün bir hüquqi mexanizmdir və bu akt vasitəsilə Avropada siyasi spektrin “arzuolunmaz səsi”ni susdurmaq mümkün olur. “ABŞ Konqresinin DSA-ya qarşı tənqidləri və “xarici senzura” iddiaları, C.D.Vensin Münxen Təhlükəsizlik Konfransında səsləndirdiyi tənqidlərlə birbaşa əlaqəlidir. Eyni zamanda, Avropa ilə ABŞ arasında transatlantik münasibətlərdəki gərginliyi daha da dərinləşdirən mühüm bir məsələdir. Bu məsələ, xüsusilə Aİ-nin rəqəmsal platformalarda senzura tətbiq edən qanunu qəbul etməsi iddiası ilə bağlıdır. ABŞ Konqresi DSA-nın senzurasının “əsasən tək tərəfli” olduğunu və siyasi konservativlərə qarşı yönəldiyini iddia edir.
Əgər Azərbaycan DSA-ya bənzər qanun qəbul etsəydi, Aİ və Qərbdə fəaliyyət göstərən beynəlxalq təşkilatların reaksiyası böyük ehtimalla sərt tənqidlərə və ikili standartlara əsaslanan yanaşma olardı. Avropanın digər ölkələrdə, xüsusilə, Azərbaycanda insan hüquqları ilə bağlı məsələləri qaldırması, daima təzyiq vasitəsi kimi saxlaması, lakin öz ərazisində oxşar fəaliyyətləri DSA kimi qanunlarla məhdudlaşdırması, ikili standartların və siyasi riyakarlığın açıq nümunəsidir”, - deyə deputat qeyd edib.
Pərvanə Vəliyeva onu da vurğulayıb ki, Azərbaycan Qərb təşkilatlarının qərəzli yanaşmalarına illərdir məruz qalır. Prezident İlham Əliyevin dəfələrlə çıxışlarında toxunduğu bu məsələ beynəlxalq münasibətlərdə ədalətli və obyektiv yanaşmanın zəruriliyini bir daha gündəmə gətirir. “2020-ci ildə Ermənistan tərəfindən Gəncəyə və Bərdəyə qarşı həyata keçirilən raket hücumlarına Qərb təşkilatlarının susqunluğu, lakin Azərbaycanın hər hansı daxili qərarına qarşı dərhal kampaniya xarakterli tənqidlər səsləndirməsi, bu ikili standartların sistemli şəkildə həyata keçirildiyini sübut edir”, - deyə P.Vəliyeva vurğulayıb.
Deputat sonda əlavə edib ki, beynəlxalq təşkilatlar və Qərb dairələri insan hüquqları, demokratiya və söz azadlığı kimi anlayışlara yalnız öz maraqlarına uyğun gəldiyi zaman istinad edir, bu isə həmin dəyərlərin alətə çevrildiyini göstərir: “Ümumilikdə, ABŞ-Aİ münasibətləri iqtisadi və hərbi əməkdaşlığa baxmayaraq, ideoloji və siyasi ziddiyyətlər, xüsusilə də söz azadlığı və demokratiya kimi dəyərlərin təfsiri üzrə gərginliklərlə xarakterizə olunur”.