“Araz-Naxçıvan” çətin sınaq qarşısındadır.
Avrokuboklarda debüt matçında öz meydanında “Aris”i 2:1 hesabı ilə məğlub edən Naxçıvan təmsilçisi cavab qarşılaşmasına hazırlaşır.
Rəqib mərhələ adlamaq üçün dəridən-qabıqdan çıxacaq. Üstəlik, meydan və azarkeş amili də xeyinə işləyəcək.
“Araz”ın xeyrinə olan məqam isə oyun planında “Aris”dən üstün görünməsidir.
İlk görüşün qəhrəmanlarından Çarles Boli Sportinfo.az-a açıqlama verib.
Şotlandiyada doğulan, Fransa və Kot-d’İvuar vətəndaşlığı olan yarımmüdafiəçi deyib:
“Bəli, ilk matçda qələbə qazanmağı bacardıq. Lakin cavab görüşü hər iki komanda üçün daha çətin olacaq.
Bakıdakı kimi oynamalıyıq. İlk növbədə intensivliyi qorumalı, kollektiv futbol nümayiş etdirməli, sona qədər döyüşməliyik. Fərdi oyuna meyillənsək, heç nə edə bilməyəcəyik.
“Aris” keyfiyyətli rəqibdir. Edə biləcəkləri sürprizlərə və yeniliklərə hazır olmalıyıq. Ümid edirəm ki, sonluq bizim xeyrimizə olacaq”.
Boli “yalnız qələbə, yoxsa heç-heçə də pis olmaz” sualına bu cür reaksiya verib:
“Yunanıstana heç-heçə dalınca getsək, uduzacağıq. Buna əminəm. Ona görə də məqsədimiz qələbə qazanmaqdır.
Meydana bu düşüncə ilə çıxacaq, ilk dəqiqələrdən rəqibin qapısına qol vurmağa çalışacağıq. Kollektivdəki müsbət ab-havanı meydana daşımalıyıq”.
İyulun 31-sə “Kleantis Vikelidis” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.
HƏBİB