
Bu gün məşhur rusiyalı jurnalist Orxan Camalın qətlə yetirildiyi gündür. O, 2018-ci ilin 30 iyulunda Mərkəzi Afrika Respublikasında öz həmvətənlərindən ibarət “Vaqner” başkəsənləri tərəfinfən öldürülüb.
Həmin vaxt onun yanında iki həmkarı da olub: rejissor Aleksandr Rastorquyev və operator Kirill Radçenko. “Vaqner”çilər onların üçünü də əvvəlcə oğurlayıblar, sonra işgəncə verərək öldürüblər.
Beynəlxalq qalmaqala səbəb olan bu hadisəyə görə Rusiyanın özündə heç kəsə, o cümlədən “Vaqner”in sahibi Yevgeni Priqojin və komandiri Dmitrli Utkinə “gözün üstə qaşın var” deyilməyib. Hətta əksinə, bu hadisədən sonra onların şöhrəti, nüfuzu, maddi imkanları artıb. Prezident Vladimir Putinin düşmənləri anlayıblar ki, onunla, “Vaqner”lə zarafat təhlükəlidir.
Orxan Camal kim idi?
Orxan Camal 12 noyabr 1966-cı ildə Moskvada Heydər Camal və Yelena Camalın ailəsində anadan olub. Onun atası Heydər Camal Rusiyada nüfuzlu bir filosof, yazıçı, şair, tanınmış ziyalı olub. (Öz vəsiyyətinə görə Almatıda dəfn edilib). Heydər Camal Qarabağ hökmdarı İbrahim xanın vəziri Mirzə Camalın nəslindəndir. (Füzuli rayonunda yeni tikilmiş aeroport vaxtilə Mirzə Camalın kəndi olan və hazırda da Mirzəcamallı adlanan kəndin yaxınlığında yerləşir).
Heydər Camalın atası Cahid də dövrünün tanınmış ziyalısı olub, gənc vaxtından Moskvada yaşayıb, rəssamlıqla məşğul olub.
Belə bir ailənin övladı olan Orxan 1984-cü ildə Moskva Geoloji Kəşfiyyat İnstitutuna daxil olub. 1985-1987-ci illərdə sovet ordusunun hava desant qoşunlarında xidmət edib. 1988-ci ildən Moskva Geoloji Kəşfiyyat İnstitutunda təhsilini davam etdirib. Elə həmin il o, televiziyada işləməyə gedib və orada “Sağlamlıq” televiziya verilişində əvvəlcə administrator, sonra isə rejissor kimi fəaliyyət göstərib.
1990-cı ildə institutu bitirdikdən sonra Orxan təyinatla Yakutiyaya gedib və orada işləməyə başlayıb. 1993-cü ilə qədər o, Yakutgeologiyada dəstə rəisi vəzifəsində çalışıb.
1995-ci ildən sonra isə Orxan Camal həyatını jurnalistika sahəsinə bağlayıb, “Veçernyaya Moskva”, “Veçerniy Kuryer”, “Nezavisimaya qazeta”, “Novaya qazeta” kimi nəşrlərlə əməkdaşlıq edib. Daha sonra “Versiya” qəzetində çalışıb,. Bundan başqa, o, “Newsweek” və bir sıra digər jurnallar və onlayn nəşrlərlə əməkdaşlıq edib, Şimali Qafqaz, Cənubi Osetiya, Əfqanıstan, İraq, Livan, Suriya və Səudiyyə Ərəbistanında işləyib.
Göründüyü kimi, Orxan Camal bir sıra qaynar nöqtələrdən keçib, dəfələrlə təhlükəyə məruz qalıb. 2008-ci ilin avqustunda o, Rusiya-Gürcüstan-Osetiya müharibəsindən bəhs edən “Beş günlük müharibənin xronikası” adlı kitab yazıb və həmin il “Sülhün qorunmasına görə” ictimai medalı ilə təltif edilib.
O.Camal 2011-ci ildən “İzvestiya” qəzetində xüsusi müxbir və köşə yazarı kimi çalışlb. 2011-ci ildə o, Liviyada gedən vətəndaşı müharibəsi zamanı, Tripoli uğrunda döyüşlərdə ayağından ağır yaralanıb.
Orxan Camalın atası azərbaycanlı, anası slavyan olsa da və özü Azərbaycanın üzünü görməsə də, haralı və kim olduğunu unutmayıb. Dostu Maksim Şevçenko onu milli təəssübkeşliyi olan biri kimi xarakterizə edir. O, tez-tez Rusiyanın müxtəlif telekanallarında tok-şoularda qonaq ekspert kimi iştirak edib, Krımın ilhaqına və Donbasdakı müharibəyə görə Rusiya hakimiyyətini açıq şəkildə qınayıb. O.Camal dəfələrlə Krımın türk əhalisini dəstəkləyib. 2014-cü ilin avqustunda Ukraynanın şərqində gedən müharibə zamanı o, Mariupol yaxınlığında Kirovoqrad desant dəstəsinin əsirlikdən azad edilməsində iştirak edib.
Orxan Camalın MAR-a niyə getmişdi?
Onun 2018-ci ildə öz çəkiliş qrupu ilə birlikdə Mərkəzi Afrika Respublikasına yollanmasının səbəbi Priqojinin muzdlu qatillərinin bu ölkədəki fəaliyyəti haqqında film çəkmək olub. Onlar “Vaqner” özəl hərbi şirkətinin işi, bu şirkətin MAR-da qızıl mədənlərində hasilata başlamaq niyyəti haqqında material hazırlamaq istərkən “Vaqner”çilər onları qətlə yetirib.
Avqustun 3-də Qüdsdəki Əl-Əqsa məscidində Orxan Camal üçün cənazə namazı qılınıb və qətlə yetirilmiş jurnalistlərlə birlikdə Moskvaya göndərilib, Xovanskoye məzarlığında dəfn edilib.
Həmin vaxt O.Camal və qrupu, həbsxanadan buraxıldıqdan sonra Londona köçən və oradan Putinə qarşı mübarizəsini davam etdirən biznesmen Mixail Xodorkovskiyə məxsus media qrupda çalışıblar. Güman olunur ki, “Vaqner”i ifşa etmək ideyası Xodorkovskidən gəlib. O.Camalın qrupu qətlə yetirildikdən sonra biznesmen onların cəsədinin daşınması xərcini çəkəcəyinə söz verib. Ancaq XİN-in sözçüsü Mariya Zaxarovanın ifadəsinə görə, ümumi xərc 20.000 ABŞ dolları olub və Xodorkovski yalnız bunun 3.000 avrosunu kompensasiya edib..
Jurnalist İrina Qordiyenko ilə ailə qurmuş Orxanın hazırda Mənsur adlı oğlu, Kövsər adlı qızı var və ailə Sarayevoda yaşayır.
Orxan Camalın və həmkarlarının qətli Rusiyada nə ilk jurnalist qətliydi, nə də sonuncu oldu. Bu ölkədə ipə-sapa yatamayan jurnalistlərin fiziki cəhətdən məhv edilməs artıq ənənəvi hala çevrilib. Belə qətllərin üstü heç vaxt açılmır. Ancaq bu qətlin üstü nə vaxtsa açılsa da, sifarişin kimdən gəldiyi və onu kimlərin icra etdiyi bilinsə də gec olacaq.
Çox qanlar tökmüş Priqojinin aqibətini isə bilirsiniz. Su sənəyi axırda suda sındı və “Vaqner”in melodiyası bitdi.
Əgər O.Camal 7 il öncə MAR-da öldürülməsəydi və bu günlərə sağ-salamat çatsaydı, yüz faiz ölkəsindən “xarici agent” elan ediləcəkdi.
Araz Altaylı, Musavat.com