AZ

Qurban Qurbanov: “Bizdən küsməyin”

Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Şelburn” oyunundan (1:0) sonra meydan sahibi komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Futbolçularımı təbrik edirəm. Onlara bir o qədər irad bildirə bilmərəm. Optimal formalarından uzaqdırlar. Onların yanında olub, bəzi çatışmazlıqları aradan qaldırmalıyıq. Rəqib ciddi idi və məğlub olmağı xoşlamırdı. 0:3 geridə olsalar da, oyuna yaxşı hazırlaşmışdılar. İkinci hissədə hücum etdilər, əl çəkmədilər. Futbolçularım yaxşı iş gördülər. Azarkeşlərimizi hər zaman stadionumuzda belə çox görmək xoşdur. Fürsətdən istifadə edib, sabah avrokuboklarda mübarizə aparacaq komandalarımıza uğurlar arzu edirəm.

– Yeni transferlərin uyğunlaşma prosesi necə gedir?
– Normal. Məşqlərdə pis deyillər. Amma tam hazır olmaq üçün bir neçə oyun lazımdır. Vacibdir ki, kollektivə uyğunlaşsınlar.

– Kadi Borges bundan sonra yarımmüdafiənin mərkəzində oynayacaq, ya əvvəlki mövqeyinə – cinaha qayıdacaq?
– Kadi universal futbolçudur. Öz karyerasında da bu mövqedə oynayıb. Daha sonra hücumameyilli çıxış edib. Lazım olan anlarda fərqli mövqelərdə istifadə edə bilərik.

– Yankoviçin yoxluğu təsirsiz olmur. Növbəti oyunlarda onun yerini doldurmağı necə düşünürsünüz?
– Yankoviç vacib oyunçularımızdan biridir. Əfsuslar olsun, futbolda gözləmədiyin şeylər olur. Lakin digər futbolçularımız da hər an hazırdır. Həmişə demişəm ki, bütün oyunçuların sağlam olması işimizi asanlaşdırır. İnşallah, Yankoviç dönəcək və öz mövqesində oynayacaq. Olmayacaqsa, başqa variantlar düşünəcəyik.

– Hücumçu transferindən nə xəbər var?
– Konkret xəbər yoxdur. Şablon cavab verəcəm, dəfələrlə demişəm, çox istəyirdik ki, hücumçu dəvət edək. Transferin son gününə kimi çalışacağıq. Buna ehtiyacımız var. Əlimizdə olan bütün oyunçulara güvənirəm. Qarşıdakı vaxtlarda oyunçu sayının çox olması önəmli olacaq. Transferlər etmək fikrindəyik.

– “Qarabağ”da sanki penaltilərlə bağlı problemlər var. Sanki sindromdur…
– Kadinin zərbəsindən göründü ki, çox rahat idi. Qapıçını aldatmaq istəyirdi, amma qapıçı onu aldatdı. Penalti o dərəcə üzərinə gediləcək məsələ deyil. Ən güclü, böyük futbolçular da vacib oyunlarda penalti qaçırıb. Bizim yaxşı penalti vuran oyunçularımız var. Bəlkə də, bu gün atmosfer də təsiredici oldu. Ola bilsin, hesab bərabərə olsaydı, qol vurardı. Bir az rahatlıq var idi.

– Medinanın əvəzlənməsi nə ilə bağlı idi?
– Mmaeyə şans yaratmaq və Medinanı riskə atmaq istəmirdik. Qarşıda oyunlarımız var.

– “Qarabağ” bu gün tam gücüylə oynadı, yoxsa…
– Belə bir şey yoxdur. Meydanda lazım olan qədər güc sərf etdik.

– 12-ci ildir ki, avrokuboklarda oynayırsınız. Bu il komandadan payızda nə gözləyək?
– 12 il stabillik deməkdir. Daha artığını istəyirik. Şansımız varsa, maksimum istifadə etmək istəyirik. Qruplarda oynamaq neçə ölkənin futbolunu burda görməkdir. Məğlubiyyətlər də olur, amma insanları arenanı doldurması, “Qarabağ” deyə səsləməsi yaxşı haldır. Daha yaxşı yerlərə getmək gənc futbolçular, valideynlər üçün stimuldur. Payızda necə olacağını deyə bilmərik. Çalışacağıq ki, daha yaxşı nəticələr əldə edək. İnanın ki, asan deyil. Avropada futbol çox inkişaf edib. Bizim də yaxşı meydançalarımız, azarkeşlərimiz olsa, futbolumuzun inkişafına təkan gələr.

– Patrik Andrade ilə maddi məsələdə razılaşa bilmədiniz, ya daha gənc oyunçuya üstünlük verdiniz?
– Konkret səbəb yoxdur. Andrade meydanda düşündüyüm futbolu ən yaxşı icra edənlərdən idi. Amma bəzən dəyişikliyə ehtiyac olur. Oyunundan, davranışından razı idik. Sadəcə belə qərar verdik.

– Bir müddət əvvəl Ağdama səfər etmişdiniz. Amma orda Allahverdi Bağırovun məzarını ziyarət etmədiniz. Bu, nə ilə bağlıdır?
– Orda elə sıx qrafikimiz var idi ki, hər yerə tələsirdik. Məqsəd orda olmaq, bir neçə şəhərdə görüşlər keçirmək idi. Proqramımızda ora getməklə bağli bir şey yox idi. Allahverdi Bağırovu həmişə yad edirik, ürəyimizdədir. Belə insanlara böyük dəyər verirəm. Bəlkə, proqrama salmaq olardı… Amma bizi də düzgün başa düşün. Növbəti dəfə bunu etməyə çalışacağıq. Bir gün içində 4 şəhərdə olduq. Məsələn, Füzulidə daha böyük kütlə ilə görüş olmalyıdı, amma vaxtımız çatmadı. Bizdən küsməyin…

– Klublarımızın avrokubok oyunlarındakı şanslarını necə dəyərləndirirsiniz?
– Proqnoz verməyi xoşlamıram. Komandalarımıza inanıram, yaxşı nəticə əldə edəcəklərinə ümid edirəm.

Şahin Cəfərov

Seçilən
20
futbolpress.az

1Mənbələr