"Rusiyanın seçkilərə 100 milyon avro ayırdığı iddia olunur, Kreml bu iddiaları rədd edir..."
Moldova prezidenti Maya Sandu ölkəsində keçiriləcək növbəti parlament seçkilərinə Rusiya tərəfindən müdaxilə planlaşdırıldığını bəyan edib.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
Prezident Sandunun sözlərinə görə, Moskva bu payızdan etibarən Moldovada nəzarəti ələ almaq niyyətindədir və bunun üçün "misilsiz səviyyədə" müdaxilə hazırlayır. O, çərşənbə günü keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya bu məqsədlə təkcə kriptovalyutalar vasitəsilə 100 milyon avro həcmində vəsait yönəltməyi planlaşdırır.
Sandu bu müdaxiləni ölkəsinin suverenliyi və milli təhlükəsizliyi üçün birbaşa təhdid adlandıraraq, onun Moldova xalqının Avropa gələcəyinə zərbə vuracağını vurğulayıb. Lakin o, bu planları sübut edən konkret faktlar təqdim etməyib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Sandunun bu fikirlərini qətiyyətlə təkzib edib. Onun sözlərinə görə, Moskva "heç vaxt başqa ölkələrin daxili işlərinə qarışmır".
Avropayönlü qüvvələr zəifləyir, Kremlə yaxın qüvvələr meydanda qalır
Hazırda Moldova parlamentində 101 yerdən 61-i avropayönlü "Fəaliyyət və Həmrəylik Partiyası"nın (PAS) nəzarətindədir. Maya Sandu da məhz bu partiyanın üzvü olub. Lakin son rəy sorğularına görə, bu dəfə PAS cəmi 27 faiz səs toplaya bilər. Digər tərəfdən, Rusiyayönlü Sosialistlər Partiyası və "Qələbə" bloku isə təxminən 10 faizlik dəstəyə malikdir.
Qeyd edək ki, "Qələbə" blokunun seçkilərdə iştirakına icazə verilməyib. Səbəb kimi seçki maliyyələşməsi ilə bağlı qanun pozuntuları göstərilib. Blokun arxasında isə Kremlin yaxın çevrəsindən olan və artıq ölkədən qaçmış oliqarx İlan Şor dayanır. O, Mərkəzi Seçki Komissiyasının qərarını məhkəməyə vermək niyyətindədir.
Həmçinin seçkilərdə 7 faizlik dəstəklə "Alternativ" bloku da iştirak edəcək. Bu siyasi birlik özünü Rusiyayönlü adlandırmasa da, Moskva ilə ideoloji yaxınlığı səbəbilə tənqid olunur.
Kişinyovdakı Effektiv Siyasət İnstitutunun direktoru Vitali Andriyevski isə bəyan edib ki, ölkədə PAS-dan başqa alternativ avropayönlü partiyanın olmaması seçkilərin əsas problemidir. Bu isə, ekspertlərin fikrincə, ölkənin siyasi kursunun dəyişməsi riskini daha da artırır.