AZ

Trampın 50 gün ritorikası: Vaşinqtonun həmləsi Kremli DAYANDIRACAQ?

“Bütün bunlar Rusiyanın ictimai-siyasi həyatına təsir edəcək, etirazlar, qarşıdurmalar, sosial narazılıq yaşanacaq”.

Bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Rəfail Becanov deyib.

media-refailbecanov1

O, ABŞ senatorlarının Rusiya prezidenti Vladimir Putinin “əlavə vaxta layiq olmadığını” və Rusiyaya qarşı sanksiyalarla bağlı qanun layihəsinə baxılmasını sürətləndirməyə çağırışlarını şərh edib.

R. Becanov bildirib ki, Rusiyaya hər hansı vaxt verməklə, onu sülhə, danışıqlarda konstruktiv mövqe tutmağa məcbur etmək yetərli deyil:

“Rusiyanı dayandırmaq üçün sərt addımlar atılmalıdır. İstər 50 gün, istər 10 gün nəyisə dəyişmək gücündə deyil. Bəyanatlara baxmayaraq, Rusiya Ukraynada sülhə maraqlı deyil. Keçirilən İstanbul danışıqları da bunun təzahürüdür. Rusiyanın məqsədi Ukraynanı kapitulyasiyaya məcbur etməkdir. Ona görə də ABŞ-nin və Trampın yumşaq davaranışından istifadə edərək daha çox ərazi işğal etməyə çalışır. Düşünürəm ki, ABŞ prezidenti Donald Trampın “50 gün, 10 gün” vaxt ritorikası Rusiyanın işğalçılıq siyasətində heç bir dəyişiklik etməyəcək. ABŞ daha sərt addımlarla, Ukraynaya hərbi yardım paketlərini artırmaqla Rusiyanı dayandıra bilər. Yəni Rusiyanın daxilində vəziyyətin gərginləşməsinə nail olmaqla onun işğalçılıq siyasətinin dayandırılması mümkündür”.

Müsahibimizin fikrincə, ona görə də ABŞ senatorlarının heç bir əlavə vaxt olmadan Rusiyaya qarşı sanksiyalarla bağlı qanun layihəsinə baxılmasını sürətləndirmək çağırışları daha effektivdir:

“Əgər bu çağırışlar müsbət nəticə verərsə və Tramp administrasiyası Rusiyaya qarşı yeni və daha sərt, effektiv sanksiyalar paketi qəbul edərsə, bu, Rusiya üçün ciddi problemlər yaradacaq. Avropa İttifaqının və ABŞ-nin indiyə qədər tətbiq etdiyi sanksiyalar son hədd deyil. Daha sərt sanksiyalar olmalıdır ki, Rusiya iqtisadiyyatına, maliyyə sektoruna, hərbi təchizat sisteminə, siyasi proseslərə təsirli olsun”.

Analitik əlavə edib ki, yeni və daha sərt sanksiyalarla neft-qaz ixracatına əlavə məhdudiyyətlər tətbiq edilə bilər ki, bu da Rusiyanın zəifləmiş iqtisadiyyatını daha da çökdürər:

“Eyni zamanda rublun məzənnnəsinə və yenidən dəyər itirməsinə, bununla da ciddi sosial-iqtisadi böhran yaranması ilə nəticələnə bilər. Təbii ki, hərbi-sənaye kompleksi də sanksiyalardan kənarda qalmayacaqsa, onda hərb sənayesinin texnologiyalara çıxış, o cümlədən yeni silahların əsas elemnetlərindən olan mikroçiplərin tapılması imkanları məhdudlaşacaq. Nəticədə isə yeni silahların hazırlanmaması ilə müharibənin gedişinə təsirsiz ötüşməyəcək”.

Siyasi şərhçi söyləyib ki, bankların SWIFT-dən uzaqlaşdırılması ilə maliyyə təminatına böyük zərbə vurulması mümkündür:

“Bütün bunlar Rusiyanın ictimai-siyasi həyatına təsir edəcək, etirazlar, qarşıdurmalar, sosial narazılıq yaşanacaq, ictimai və siyasi narazılıq artacaq. Belə olan halda, Rusiyada daxili problemlər böyüyəcək və bu problemlər elitaya da təsir edəcək. Yəni Rusiya yalnız daxili problemlər artdıqca, dayana bilər. Vaxt verməklə, sülh danışıqlarına çağırmaqla dayanası deyil. Çünki Rusiya imperiya siyasətindən imtina edə bilmir. ABŞ prezidentinin bu çağırışları müsbət dəyərləndirəcəyi gözlənilir. Çünki özü də artıq Putinlə danışmaq marağında olmadığını bəyan edib. Rusiya bu çağırış və danışıqlardan öz məqsədi üçün istifadə edir. Bu isə Trampın nüfuzuna mənfi təsir edir”.

"Cebheinfo.az" 

Seçilən
3
cebheinfo.az

1Mənbələr