Hindistan ABŞ ilə ədalətli, balanslaşdırılmış və qarşılıqlı faydalı ikitərəfli ticarət razılaşmasının əldə olunmasına sadiqdir. Bu barədə RİA Novosti Hindistan Ticarət və Sənaye Nazirliyinin açıqlamasına istinadən xəbər verir.
Nazirlik bildirir ki, son bir neçə ay ərzində Hindistan və ABŞ ədalətli və balanslı razılaşma üzərində danışıqlar aparır və bu məqsəd hələ də aktuallığını saxlayır.
Hindistan hökuməti kiçik və orta sahibkarlığın müdafiəsi və rifahının artırılmasına böyük önəm verir və milli maraqların qorunması istiqamətində qərarlar qəbul edir.
Buna baxmayaraq, ABŞ Prezidenti Donald Tramp 1 avqustdan etibarən Hindistandan idxal olunan məhsullara 25% gömrük rüsumu tətbiq edəcəyini elan edib. Tramp bunun səbəbi kimi Hindistanın Rusiya istehsalı silahlar və enerji resursları almasını göstərərək əlavə cərimə tətbiq olunacağını bildirib.
Əvvəlcə Ağ Ev də Hindistana qarşı tətbiq olunan gömrük rüsumlarının səbəbini açıqlamışdı.
//Samir Qurbanov, Editor.az