AZ

Şəhid ailəsi prezident İlham Əliyevə müraciət etdi: Bizə yardım edin…

Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı
Cənab İlham Əliyevə

Şəhid ailəsi adından müraciət

Möhtərəm cənab Prezident,

Sizə – ölkəmizin Ali Baş Komandanına ailəmiz adından müraciət edərək bildiririk ki, bu dəfə Sizin Dəmir Yumruğunuza bizim də ehtiyacımız var. Ailəmiz məmur özbaşınalığına və hüquqsuzluğa məruz qalıb. Biz bu haqsızlığa qarşı səsimizi ucaldır və ədalət tələb edirik.

Heç vaxt kimdənsə yardım diləməmişik. İtkin düşmüş şəhid qardaşımızın acısı ilə illərdir öz gücümüzə ayaqda durmağa çalışırıq. Lakin son baş verən hadisələr ailəmizi dərin sarsıntıya salıb.

Mən – şəhid bacısı Yusifova İlkanə Qoca qızı, anam – şəhid anası və qardaşım – şəhid qardaşı ilə birlikdə Binəqədi rayonunda qarşılaşdığımız qanunsuzluq və kobud münasibətlə bağlı Sizə müraciət edirik.

Bakı şəhəri, Binəqədi rayonu, 103 nömrəli binada yerləşən mənzilimizdə şəxsi vəsaitimiz hesabına təmir işləri apardığımız zaman, mənzil istismar idarəsinin ərazi üzrə kuratoru olan Rüfət adlı şəxs heç bir məhkəmə qərarı və ya rəsmi xəbərdarlıq olmadan mənzilimizin qapısını zor tətbiq etməklə açmağa çalışmış, evə daxil olmuşdur. Bu zaman şəhid qardaşımı polis çağıracağı ilə hədələyib, onu “qoduq” adlandıraraq alçaldıcı ifadələr işlətmişdir. Məni də telefonla hədələyərək ailəmizə psixoloji təzyiq göstərmişdir. Daha sonra isə qardaşımı səbəbsiz yerə 3 saat müddətində 7 saylı polis bölməsində saxlamışlar.

Hadisə zamanı mən anamı – şəhid anasını – Qəbələyə istirahətə aparmışdım. Bu xəbərləri eşidərək dərhal Bakıya qayıtdım. Yaşanan stres səbəbilə anamın təzyiqi və şəkəri ciddi şəkildə yüksəldi, onun səhhəti təhlükə altına düşdü. Övladlarım baş verənləri eşidərək ağır stress yaşadılar.

Bu hadisə təkcə bizim ailəmizə qarşı yox, bütün şəhid ailələrinə və Azərbaycan xalqının heysiyyətinə qarşı hörmətsizlikdir. Əminik ki, bu cür məmur özbaşınalığına qarşı Sizin ədalətli mövqeyiniz olacaq.

Qeyd etmək istərdim ki, həmin mənzili 2022-ci ilin fevral ayında almışıq. Lakin binanın baxımsız vəziyyətdə olması səbəbindən evdə yaşayış mümkün olmayıb: qara kif göbələyi, daimi rutubət və antisanitariya şəraiti mövcuddur. Hazırda bu problemləri öz vəsaitimiz hesabına aradan qaldırmaq üçün təmir işlərinə başlamışdıq. Lakin yaşanan bu hadisə səbəbilə həm maddi, həm də mənəvi zərərə məruz qalmışıq:

Qanunsuz şəkildə evimizə müdaxilə edilmiş, məhkəmə qərarı olmadan qapımız zorakılıqla açılmağa çalışılmış, nəticədə qapıya ciddi ziyan dəymişdir;

Təmir işləri dayandırılmış, əlavə maddi itkilər yaranmışdır;

Qardaşımın qanunsuz saxlanılması və təhqir edilməsi ailəmizə mənəvi sarsıntı yaşatmışdır;

Anamın sağlamlığına ciddi ziyan dəymiş, tibbi yardım zərurəti yaranmışdır;

Ailəmizdə psixoloji gərginlik və stres artmışdır.

Cənab Prezident,

Sizin ədalətli rəhbərliyinizə və şəhid ailələrinə göstərdiyiniz xüsusi qayğıya güvənərək, Sizdən xahiş edirik:

Ailəmizə qarşı baş vermiş qanunsuzluğun araşdırılması;

Məsul şəxslərin qanun qarşısında cavab verməsi;

Dəymiş maddi və mənəvi ziyanın aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi.

Əminik ki, Siz bu məsələni diqqətdə saxlayacaq və bizə ədaləti bərpa etməkdə dəstək olacaqsınız.

Dərin hörmətlə və ümidlə,

Şəhid bacısı – Yusifova İlkanə Qoca qızı
və ailəmiz adından

Seçilən
14
moderator.az

1Mənbələr