“Neftçi”nin heyətinə qatdığı növbəti futbolçu hücumçu oldu.
“Ağ-qaralar” Lüksemburq millisinin forvardı ilə güclənib.
Söhbət 2002 təvəllüdlü Alessio Kurçidən (Alessio Curci) gedir.
Səbəbkar futbolun sirlərinə doğulduğu Lüksemburqda yiyələnməyə başlasa da, 14 yaşında Almaniyaya üz tutub. 2016-2018-ci illər aralığında “Ayntraxt Tyer”in akademiyasında yer alan Kurçi növbəti 5 ili “Maynz 05”də keçirib.
Klubun U-17 komandasında 22 oyunda 10 qol, 3 assist, U-19-da 16 matçda 2 qol, 5 məhsuldar ötürmə, əvəzedici komandada 32 görüşdə 2 qol, 1 assistlə fərqlənib.
2023-cü ildə Belçika klubu onunla 3 illik sözləşməyə imza atıb.
Son 2 ili Pro Liqa (II Liqa) təmsilçisi “Francs Borais”da keçirmiş Alessio bütün yarışlarda meydana çıxdığı 47 matçda 8 qol vurub, 4 məhsuldar ötürmənin müəllifi olub.
O, 2022-ci ildən dəvət aldığı Lükssemburq millisinin heyətində şans qazandığı 17 qarşılaşmada 1 qol vurub.
Alessio mərkəz hücumçusu olsa da, vinger funksiyasını da yerinə yetirir. Yəni təkcə sivri ucda yox, qanadlardakı tapşırıqların da öhdəsindən gəlir.
Hiyləgər və fürsətcil hücumçu olduğunu qeyd etməliyik. Fiziki göstəricilərinə görə öyünməyə haqqı çatmasa da, topu bağlamaq və sürətindən istifadə etmək keyfiyyəti ilə rəqib müdafiəçiləri özündən çıxarır.
Əsas üstünlüyü ən çətin vəziyyətlərdə belə, topa zərbə vurmaq imkanı tapmasıdır. Dəqiqlik keyfiyyəti kifayət qədər yaxşıdır. İşlək ayağı “sağ”dır, lakin “sol”u da pis deyil.
Hava toplarında etibarlıdır deyə, başla vurduğu qolların sayı kifayət qədərdir.
İllərdir gözümüzün qarşısında top qovan Davit Volkovu görürsünüz. “Neftçi”nin yeni transferi oyun üslubuna görə gürcü hücumçunun oxşarıdır. Sadəcə, xarici görünüşcə fərqlənirlər.
HƏBİB / SPORTİNFO.AZ