Mehman İsmayılov: “Bu olduqca qeyri-ciddi, məntiqdən kənar və yalnız qara piara hesablanmış bir bəyanatdır ki, Medvedev bunu səsləndirib”
ABŞ prezidenti Donald Tramp iyulun 28-də Rusiyaya Ukraynadakı hərbi əməliyyatları 10-12 günə bitirmək barədə ultimatum verərək bəyan edib ki, əks təqdirdə çox sərt tədbirlərə əl atacaq.
Rusiyanın keçmiş prezidenti Dmitri Medvedev sosial şəbəkədə Trampa cavab verib ki, Rusiya İsrail və ya İran deyil, ultimatum müharibə təhlükəsidir.
“Tramp Rusiya ilə ultimatum oyunu oynayır: 50 gün və ya 10... O, iki şeyi yadda saxlamalıdır: 1. Rusiya İsrail, hətta İran da deyil. 2. Hər yeni ultimatum təhlükə və müharibəyə doğru addımdır. Rusiya ilə Ukrayna arasında deyil, öz ölkəsi ilə. Yuxulu Coyun izinə getməyin!"-deyə Medvedev qeyd edib.
Medvedev niyə belə deyir? Özünü Putinin varisi kimi göstərmək istəyir, ya sadəcə Qərbi qızışdırır, qıcıqlandırır?
“Medvedev Putinin əlində bir informasiya oyuncağı kimi istifadə edilir”
Politoloq Mehman İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Dmitri Medvedevin Trampa o cür qabacasına cavab verməsi, müharibə ilə hədələməsi çox qeyri-ciddi, dövlət ərkanından kənar bir məsələdir: “O deyib ki, biz nə İsrail, nə də İran deyilik sən bizi hədələyirsən və əgər bizim aramızda müharibə olacaqsa, bu, Rusiya ilə Ukrayna arasında deyil, sənin ölkənlə bizim aramızda olacaq. Bu olduqca qeyri-ciddi, məntiqdən kənar və yalnız qara piara hesablanmış bir bəyanatdır ki, Medvedev bunu səsləndirib. Hər kəs anlayır, hər kəs bilir ki, Medvedev Putinin əlində bir informasiya oyuncağı kimi istifadə edilir. O, Kremldən aldığı metodiki göstərişlərlə bu cür bəyanatlar səsləndirir. Onun üzərində heç bir varislik məsələsi artıq yoxdur. Nə Rusiyada, nə Avropada, nə Amerikada, nə postsovet məkanında heç kəs Medvedevi ciddi bir fiqur kimi qəbul etmir. Üstəlik, Putin bu gün elə vəziyyətdədir ki, özünə varis təyin etmək gücündə deyil. Birincisi, elə bir fikri də yoxdur. Çünki o, özünü Rusiyanın “əbədi hökmdarı” kimi aparır və qəti şəkildə heç kimə meyllənmək fikri yoxdur. O hesab edir ki, hələlik 5-7, 10 il hakimiyyəti sürdürmək gücü var və ona görə də Medvedev onun varisi deyil, nə də Putin varisi haqqında düşünmür. Yəni qatı diktaturaya meylli şəxslər, özünü prezident kimi deyil, hökmdar kimi aparan, heç bir beynəlxalq qanunu, ölkədaxili qanunları qanun kimi qəbul etməyən, saymayan, onları eninə-boyuna tapdalayan Putin kimi kadrlar heç zaman ətrafındakı insanlara “mənim varisim bu olacaq” deyə meyl etməz. Çünki Rusiyada hakimiyyət uğrunda mübarizə aparmaq istəyən kifayət qədər potensiallı, o ölkədə yaşayan bütün xalqları soyub, milyardlarla dollara sahib olan “iribuynuzlu” oliqarxlar var ki, onlar hər zaman prezidentlik kürsüsü uğrunda ölüm-dirim savaşına girməyə hazırdırlar. Burda söhbət nə varislikdən, nə də gerçək cavabdan gedir, sadəcə cəmiyyətə guya göstərirlər ki, biz Amerikadan qorxmuruq, cəmiyyətə nümayiş etdirmək ki, guya Putin hakimiyyəti Trampın təzyiqləri altında geri çəkilmək fikrində deyil. Tramp bunlara vədə qoyduqca, sürəc təyin etdikcə, 10-12 gün vaxt verdikcə bunlar Rusiya cəmiyyətinə və Rusiyadan qorxan bütün qüvvələrə göstərmək istəyirlər ki, baxın, biz Birləşmiş Ştatları saymırıq, biz müstəqil dövlətik. Peskovun dediyi kimi ki, biz xüsusi hərbi əməliyyatları sona qədər davam etdirəcəyik. Putin deyir ki, biz başlatdığımız hərəkatı (yəni Ukraynanın ərazilərinin işğalı əməliyyatını nəzərdə tutur-M.İ) sona qədər davam etdirəcəyik”.
M.İsmayılov hesab edir ki, bütün bunlar piardır, kampaniyadır, gerçəklər tamam başqadır. M.İsmayılovun sözlərinə görə, Putinin bu gün nə NATO, nə Birləşmiş Ştatlarla müharibə etmək üçün nə potensialı, nə gücü var. Medvedevin isə yalnız Putin hakimiyyətinin əlində bir informasiya oyuncağı olduğunu deyən M.İsmayılov bildirdi ki, bu, daxili auditoriyaya və Rusiya qarşısında qorxu keçirən dövlətlərə ötürülən mesajlardır, guya Rusiya ABŞ-ın qabağından qaçmır, təzyiqlərə boyun əymir: “Yəni tam mənasız və sadəcə daxili bazarda beyinyuma əməliyyatına hədəflənmiş bir bəyanatdır. Xüsusilə də Ukraynadakı əhalinin gözünü, iradəsini qırmağa xidmət edir ki, biz heç kəsə tabe deyilik, biz bu müharibəni aparacağıq, xüsusi əməliyyatları davam etdirəcəyik kimi əfsanələr və nağıllardır. Başqa bir şey deyil”.
İradə SARIYEVA