Honkonq Universitetinin, Çin Elmlər Akademiyasının və “Tsindao” klinikasının mütəxəssislərinin hazırladığı süni intellekt əsaslı sistem hər bir dişin kariesə tutulma riskini 90%-dən çox dəqiqliklə proqnozlaşdırmağa qadirdir.
Tədqiqatın nəticələri “Cell Host & Microbe” (CHM) jurnalında dərc edilib.
Tədqiqatçılar məktəbəqədər yaşda olan 89 uşağın ağız boşluğundan götürülmüş diş daşı nümunələrindəki mikrob mühitini analiz edərək 2500-dən çox dişi öyrəniblər. Məlum olub ki, sağlam ağız boşluğunda ön və arxa dişlərdə müxtəlif bakteriyalar məskunlaşıb. Lakin karies inkişaf etdikdə bu tarazlıq pozulur: kəsici dişlərə xas mikroorqanizmlər azı dişlərin səthində peyda olur və bu, kariesin ilk xəbərdarlıq siqnalı hesab olunur.
Bu məlumatlar əsasında “Spatial-MiC” adlı sistem yaradılıb. Sistem mikrobların tərkibini analiz edərək kariesin ilk əlamətləri görünmədən təxminən iki ay əvvəl onun yaranma riskini müəyyənləşdirə bilir. Proqnozlaşdırma dəqiqliyi 93% təşkil edir.
Bu yenilik xüsusilə Çin üçün aktualdır, çünki orada beş yaşlı uşaqların 70%-də karies aşkarlanır. Hazırda tətbiq edilən profilaktik tədbirlər fərqli dişlərin müxtəlif həssaslıq səviyyələrini nəzərə almır. Yeni yanaşma isə yüksək riskli sahələri qorumağa və lüzumsuz müdaxilələrdən qaçmağa imkan verir.
“Biz əvvəllər düşünürdük ki, diş çürüməsi qaçılmazdır. İndi isə dişə zərər vurmadan öncə bunun qarşısını almaq mümkündür”, – deyə professor Şi Huanq bildirib.
Tərtibatçılar texnologiyanı geniş istifadəyə uyğunlaşdırmağı planlaşdırırlar. Bildirilir ki, bu, stomatoloqa müraciətlərin sayını azaltmağa, uşaqlarda müalicəyə dair qorxunu azaltmağa və pulpit kimi ağırlaşmaların, eləcə də diş itkisi riskinin qarşısını almağa kömək edəcək. \\Yeniavaz.com