Kamran Əsədov: “Bu dəyişikliklərin xaricdə təhsil alanların sayına təsiri artıq müşahidə olunur”
Son illər gənclərin Avropaya təhsil vizası almaq prosesi çətinləşib. Bunu həm tələbələr, həm də təhsil sahəsində çalışan mütəxəssislər təsdiqləyir.
Qeyd edək ki, viza müraciətində vacib mərhələlərdən biri sənədlərin toplanmasıdır. Belə ki, tələbələr həm hüquqi, həm də maddi cəhətdən hazır olmalıdırlar. Ancaq bu proses hər ölkədə fərqlidir. Azərbaycanda isə məlum proses ildən-ilə çətinləşir, bu da gənclərin xaricdə təhsil alma şansını azaldır.
“Aidiyyəti qurumlar bu sahədə marifləndirmə işini aparmır, vizaya müraciət edən tələbələr üçün vahid informasiya platforması, addım-addım təlimatlar və dövlət dəstəyi yoxdur”
Təhsil eksperti Kamran Əsədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, son illərdə Avropa ölkələrinə təhsil vizası almaq prosesinin çətinləşməsi təkcə tələbələr üçün deyil, təhsil sahəsində çalışan mütəxəssislər üçün də ciddi maneəyə çevrilib: “Rəsmi statistikaya görə, 2022-ci illə müqayisədə 2024-cü ildə Avropa ölkələrinə təhsil vizası üçün müraciət edən gənclərin təxminən 25 faizinə imtina cavabı verilib, halbuki, 2018–2019-cu illərdə bu rəqəm 10-12 faiz idi. Sərtləşdirilmiş qaydaların əsas səbəbləri kimi Avropada miqrasiya siyasətinin ümumi sərtləşməsi, saxta sənədlərlə müraciət hallarının artması və bəzi ölkələrin qeyri-EU tələbələrinin gələcəkdə ölkədə qalma risqlərini azaltmaq istəyi göstərilir. Təhsil vizası üçün müraciət prosesində ən çətin mərhələlərdən biri sənədlərin toplanması və təqdim edilməsidir. Avropa Birliyi ölkələrinin əksəriyyətində artıq bank hesabında göstərilən maliyyə təminatının məbləği artırılıb. Məsələn, Almaniyada 2024-cü ildən tələb olunan illik bloklanmış hesab məbləği 11.208 avrodan 12.348 avroya qaldırılıb. Fransada tələbənin yaşayış xərclərini qarşılaya biləcəyini sübut edən maliyyə sənədlərinin təqdimatı daha sərt yoxlanılır. Eyni zamanda, bəzi ölkələr təhsil vizası üçün təqdim olunan qəbul məktublarının orijinallığını xüsusi sistemlər vasitəsilə yoxlayır və qeyri-qanuni vasitəçilərdən əldə edilən sənədlər avtomatik rədd cavabı alır. Bu dəyişikliklərin xaricdə təhsil alanların sayına təsiri artıq müşahidə olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə Avropa ölkələrində təhsil alan Azərbaycan vətəndaşlarının sayı 9200 nəfər idisə, 2023-cü ilin sonunda bu rəqəm 7800 nəfərə enib. 2024-cü ildə isə Avropa istiqamətində təhsil vizası üçün müraciət edənlərin yalnız 65-70 faizi müsbət cavab ala bilib. Bu, gənclərin bir qismini Türkiyə, Rusiya, Orta Asiya və Birləşmiş Ərəb Əmirlikləri kimi daha asan viza prosedurları tətbiq edən ölkələrə yönləndirir.
Dünya təcrübəsində, xüsusən Kanadada və Avstraliyada oxşar sərtləşdirmələr son illərdə tətbiq edilib, lakin həmin ölkələr tələbələr üçün rəsmi informasiya portalları və hüquqi dəstək mexanizmləri yaradıblar ki, müraciət edənlər düzgün sənədlərlə prosesi problemsiz keçsin. Azərbaycanda isə tələbələr çox vaxt qeyri-rəsmi məsləhətçilərə müraciət edir, nəticədə saxta və ya natamam sənədlərlə müraciət edərək rədd cavabı alırlar.
Elm və Təhsil Nazirliyi və Xarici İşlər Nazirliyi bu sahədə marifləndirmə işini aparmır, vizaya müraciət edən tələbələr üçün vahid informasiya platforması, addım-addım təlimatlar və dövlət dəstəyi yoxdur. Halbuki, “Təhsil haqqında” Qanunun 5.3-cü maddəsində dövlətin vətəndaşların xaricdə təhsil imkanlarına çıxışını dəstəkləmək öhdəliyi qeyd olunur. Praktikada bu öhdəlik yalnız fərdi təşəbbüslərlə məhdudlaşır və tələbə bütün məsuliyyəti təkbaşına daşıyır.
Əgər Avropa ölkələrinin sərtləşən viza siyasəti qarşısında dövlət gənclərə hüquqi və informasiya dəstəyi verməsə, qarşıdakı illərdə Avropada təhsil alan Azərbaycan vətəndaşlarının sayı daha da azalacaq. Bu, beynəlxalq təhsil imkanlarına çıxışı məhdudlaşdıracaq, gənclərin daha ucuz və asan vizalı, amma təhsil keyfiyyəti aşağı olan istiqamətlərə yönəlməsinə səbəb olacaq. Təhsil mütəxəssisləri dəfələrlə bu məsələni qaldırsa da, Elm və Təhsil Nazirliyinin bu istiqamətdə konkret plan və proqramları yoxdur, nəticədə yüzlərlə tələbə sənəd mərhələsində səhvlər səbəbindən və ya yeni qaydalar barədə məlumat çatışmazlığı ucbatından təhsil vizasından imtina cavabı alır”.
Günel CƏLİLOVA