Ötən həftələrdə komandanın kapitanı Rahid Əmirquliyevlə əlaqə saxladıqda özünə də başqa klublardan təklif olduğunu, hələ ki rəhbərliyin qərarını gözlədiyini demişdi. Artıq Rahid də gedənlər sırasındadı. Bir daha onunla əlaqə saxladıq:
“Mən hələ klubdan ayrılmamışam, rəhbərlikdən cavab gözləyirəm, görək nə deyəcəklər. Ümid edirəm ki, “Şahdağ Qusar” 1-ci liqada çıxış edəcək. Özüm bu komandada oynamaq istəyirəm, təkliflər olsa da, yenə də öncəliyim “Şahdağ Qusar”dı. Klubun bütün futbolçularla yollarını ayırması normal haldı. Hamı ilə müqavilə müddəti başa çatıb. Bizə də xoş deyil bu hal. Bütün komandalar komplektləşib, məşqlərə başlayıb, biz hələ hansı futbolçularla oynayacağımızı bilmirik”.
Komandanın baş məşqçisi Elnur Abdullayevlə də danışdıq: “Mən də, Rahid də iki aydı gözləyirik. Hər dəfə bu gün-sabah deyirlər. Amma bu həftə yekun qərar veriləcək, inanıram. Yəqin ki, komanda dağılmayacaq, AFFA-nın ayırdığı büdcə var. Amma yalan danışa bilmərəm, çempionluq çətin məsələ olacaq. Yeni sponsor axtarılır, bu barədə danışıqlar gedir. Futbolçularla da müqavilələrə xitam verilib. Daha doğrusu, müqavilə yenilənmədi. Mənə büdcə demədilər deyə, uşaqlarla müqavilə müddətini uzada bilmədim. Futbolun İnkişaf Fonduna daminnətdarlığımı bildirirəm. Canla-başla çalışırlar, sponsor axtarırlar. Məşqçiyə sıfırdan komanda yığmaq çox çətindi. Komandada qalsam, sıfırdan komanda yığacam. Bu, əlbəttə, çətindi, amma nə etmək olar? Futbolçular da ayyarım gözlədi, mən onlara səs atdım ki, təklif varsa, gedin. Böyük hissəsi artıq razılaşıb başqa klublarla. İstəmirik ki, bu klub məhv olsun, dağılsın. Yaxşı azarkeşləri var, premyer-liqa görməyə layiqdilər”.
Bəs Futbolun İnkişaf Fondu Qusar klubunun taleyi ilə bağlı nə düşünür? Bunun üçün hansısa addımlar atılacaqmı? Sualı qurumun icraçı direktoru Tural Piriyevə ünvanladıq: “Şahdağ Qusar”ın məsələsindən xəbərdarıq və yaxından məşğuluq. Hazırda görüşlərimiz davam edir. Komandanın dağılması müzakirə mövzusu deyil. Yaxın zamanda ictimaiyyətə məlumat veriləcək”.
MÜZƏFFƏR QULUZADƏ