AZ

Azərbaycanda yatırımın sərfəli olduğu ərazilər açıqlanıb

Bölgələrdə daşınmaz əmlak bazarındakı aktivlik təkcə qiymət artımı ilə deyil, həm də artan alıcı marağı ilə müşahidə olunur. Əhali artıq yalnız fərdi evlərə deyil, eyni zamanda yeni tikililərə də maraq göstərməyə başlayıb. Ekspertlər yaxın aylarda bu tendensiyanın daha da güclənəcəyini, bəzi bölgələrdə isə yatırım baxımından əhəmiyyətli fürsətlərin yarandığını vurğulayırlar. Azərbaycanın müxtəlif iqtisadi zonalarında torpaq sahələri və yeni mənzillər üzrə maraq, tələbat və qiymət proqnozları diqqət çəkir.

Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc bildirib ki, bölgələrdə daşınmaz əmlaka olan tələbat artmaqda davam edir. Ənənəvi olaraq fərdi yaşayış evlərinə maraq üstünlük təşkil etsə də, son dövrlərdə yeni tikili binalara da diqqət artır:

“Rayonlarda yeni tikili binalara maraq artıb. Əvvəllər bu binalara münasibət skeptik idi, amma artıq infrastrukturun yaxşılaşdırılması, dövlət dəstəyi ilə həyata keçirilən layihələr sayəsində insanlar yeni tikililərə də maraq göstərirlər.”

Ekspertin sözlərinə görə, torpaq sahələrinə yatırım daha perspektivli hesab olunur. Çünki torpağın dəyəri zamanla daha sabit və davamlı şəkildə artır. Bu baxımdan Qəbələ, Şəki, Zaqatala, Mingəçevir, Şəmkir və Naxçıvan kimi ərazilər sərfəli yatırım zonaları kimi göstərilir.

Bununla yanaşı, urbanizasiya tendensiyası da daşınmaz əmlak bazarına öz təsirini göstərir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan tikinti işləri də qiymətlərin formalaşmasına və artımına səbəb olur.

“Hazırda həmin ərazilərdə yeni binalarda 1 kvadrat metrin qiyməti 1500-2500 manat arasında dəyişir. Gələcəkdə bu qiymətin daha da artacağı proqnozlaşdırılır. Hətta Bakıda sıxlığın aradan qaldırılması üçün paytaxtın gələcəkdə köçürülməsi ideyası da müzakirə olunur. Bu ehtimala görə, Qarabağda daşınmaz əmlaka olan maraq xüsusilə yüksəkdir”, – deyə Vüqar Oruc vurğulayıb.

Ekspert əlavə edib ki, ilin sonuna qədər də bölgələrdə daşınmaz əmlak bazarında qiymət artımı tendensiyasının davam edəcəyi gözlənilir.

MənbəBAKU.WS
Seçilən
14
banker.az

1Mənbələr