AZ

Paşinyan Rusiyaya bağlı daha bir oliqarxın üstünə yeridi...


Məlum olduğu kimi, cari il iyunun 18-də Ermənistan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları “Taşir” şirkətlər qrupunun prezidenti və təsisçisi Samvel Karapetyanı saxlayıblar.

Hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunan Samvel iki ay müddətinə həbs edilib. Ona qarşı yeni ittihamlar irəli sürülüb. Rusiya vətəndaşı olan Samvel Karapetyan həbsdə olsa da hakimiyyəti devirmək üçünfəaliyyətini davam etdirir.

Onun qardaşı oğlu Narek Karapetyan artıq müvafiq siyasi qüvvənin yaradıldığını bildirib: “Peşəkarlardan ibarət yeni siyasi qüvvəyə əvvəllər İrəvanda həbs olunmuş rusiyalı biznesmen Samvel Karapetyan başçılıq edəcək”. O xatırladıb ki, Ermənistan konstitusiyasına əsasən, seçkinin nəticələri ilə seçilən hakim siyasi qüvvə ölkənin baş nazirini təklif edir və seçir: “Baş nazirin ona tapşırılan funksiyaları layiqincə yerinə yetirmədiyi təqdirdə yenidən seçilmək imkanının olması çox vacibdir. Siyasi komandamızın rəhbəri Samvel Karapetyan olacaq və biz onun himayəsi ilə irəliləyəcəyik. O, xarici siyasəti, iqtisadi, sosial vektoru müəyyən edəcək. Komanda peşəkarlardan ibarət olacaq”. Hakimiyyət isə Samvel Karapetyanı azadlığa buraxmaq niyyətində deyil və onun Ermənistanda mülklərini alır. Karapetyana və onun ailəsinin məxsus “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin milliləşdirilməsi bunun isbatıdır. Belə bir vaxtda hakimiyyət daha bir erməniəsili rus oliqarxa məxsus əmlakın Ermənistanda geri alınması üçün hərəkətə keçib. Söhbət Azərbaycana qarşı da müxtəlif cinayətlərdə iştirak edən Rusiya Ermənilər İttifaqının prezidenti Ara Abramyandan gedir. Nikol Paşinyan hakimiyyəti İrəvanın ən məşhur ticarət mərkəzi olan “Uşaq dünyası”nı Rusiya Ermənilər İttifaqının prezidenti Ara Abramyandan geri almaq üçün üç ayrı məhkəmə prosesi başladıb və artıq uğur qazanıb. Beş gün əvvəl Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi Baş Prokurorluğun bu xüsusda iddiasını təmin edib. Ticarət mərkəzinin arxasındakı təxminən 3000 kvadratmetrlik ərazi dövlətə qaytarılacaq. Prokurorluğun məlumatında deyilir: “Qərar mübahisəli torpaq sahəsinin tikinti üçün özgəninkiləşdirilməsi, lakin mülkiyyətçinin tikinti işləri aparmaması, tikinti üçün nəzərdə tutulmuş torpaq sahəsindən üç ildən artıq istifadə etməməsi və torpaq sahəsinin özgəninkiləşdirilməsi məqsədinə uyğun istifadə etməməsi ilə əsaslandırılıb”. “Uşaq dünyası” və ona bitişik ərazi təxminən iyirmi il əvvəl Ara Abramyanın ailəsinə məxsus “Soqlasie-Armenia” şirkətinin mülkiyyətinə keçib. Məhkəmə ərazi ilə bağlı iddianı ötən ilin əvvəlində qəbul edib. Burada 17 ildir heç bir tikinti aparılmayıb. Qarşı tərəf bu mübahisəni əsassız sayaraq, 10 min kvadratmetr ərazidə tikinti apardıqlarını bəyan edir.

Amma Paşinyan iqtidarı mövqeyindən geri çəkilmir. “Soqlasie-Armenia” şirkəti məhkəmə qərarından apellyasiya şikayəti verəcəklərini elan edərək, bunu mülkiyyətdən məhrumetmənin özbaşına təzahürü adlandırıblar. Şirkət bu xüsuda bildirir: “Soqlasie-Armenia” şirkətinə aydındır ki, yuxarıda qeyd olunan məhkəmə aktı rusiyalı iş adamı, Rusiya Erməniləri İttifaqının prezidenti və YUNESKO-nun xoşməramlı səfiri Ara Abramyanın fəaliyyəti ilə şərtlənir. Eyni zamanda bildiririk ki, “Soqlasye-Armenia” QSC administrativ qaydada zəruri tikinti işləri aparıb və uzun müddətdir bunu həyata keçirir”. Şirkət öz bəyanatında vurğulayır ki, həmin məhkəmənin hakimi hökumətyönlü şirkətə məxsus qonşu ünvanda yerləşən başqa ərazi ilə bağlı Baş Prokurorluğun iddiasını rədd edib: “Bu biabırçılıqdır, bilirsiniz, Hondurasda da belə bir şey yoxdur”. 2023-cü ilin sonunda prokurorluğun başlatdığı bu prosesdən Ara Abramyan özü də danışıb: “Həmin ərazidə 20 mərtəbəli bina tikmək istəyirikr, sonra dedilər 15 mərtəbə olar, axırda 4 mərtəbədə dayandılar. Orada 12 metr dərinlikdə çuxur qazdıq, bütün avadanlıqları gətirdik, amma işin getməsinə imkan vermədilər. O texnikanın hamısı illər keçdikcə yağışda, qarda xarab oldu, niyə başa düşmürəm”. Erməni mediasının yazdığına görə, Abramyan o vaxt əmin idi ki, hakimiyyət gedəcək, gec-tez mülkləri geri qayıdacaq: “Onlar konseptual olaraq ölkəni idarə edirlər, bilirsiniz, müvəqqəti istədiklərini edə bilərlər, amma bu sonadək mümkün deyil. onların gücü əbədi deyil”. Rusiya Erməniləri İttifaqının sədri indi də Nikol Paşinyanın mütəmadi olaraq hakimiyyətdən getməyinin zəruriliyindən danışır. O, son həftələrdə iki arxiyepiskop və biznesmen Samvel Karapetyanın həbsini qəbuledilməz hesab etdiyinə dair açıqlamalar da verib: “Samvel Karapetyan niyə həbs olunur? O, ən böyük şirkətin rəhbəridir. Ermənistan hakimiyyəti hamını qorxudur. Amma özü qorxmalıdır. Bu vəziyyəti öz başına gətirib“. Hazırda “Uşaq aləmi” binası və onun yanında olan torpaq sahəsi ilə bağlı cinayət işlərinin istintaqı davam edir. Prokurorluq bina ilə bağlı bu ilin mayında məhkəməyə müraciət edib. Artıq Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi daşınmaz əmlaka həbs qoyub ki, hökm çıxarılana qədər sahibi heç bir əməliyyat apara bilməz. Bir vaxtlar İrəvanının nəhəng univermağı olan “Uşaq aləmi” Aram Abramyanın planına görə ticarət və uşaq əyləncə mərkəzinə çevrilməli idi. Plan çoxdan var idi, amma hələ ki real iş yoxdur. Bu fonda başlanan cinayət işi çərçivəsində istisna deyil ki, Ermənistanda Aram Abramyana qarşı da ittihamlar irəli sürülsün, onun ölkəyə gəlişi qeyri-mümkün haal çevrilsin.

Nahid SALAYEV

Seçilən
4
baki-xeber.com

1Mənbələr