ABŞ Prezidenti Tramp Şotlandiyadan ABŞ-a qayıdarkən təyyarədə jurnalistlərin gündəmə dair suallarını cavablandırıb.
Trampa dünən verdiyi “Rusiyaya 10-12 gün vaxt verirəm” bəyanatı xatırladılıb və o, bununla bağlı belə deyib:
“Bu gündən etibarən 10 gün vaxt verirəm. Sonra gömrük rüsumları və bənzər tədbirlər tətbiq edəcəyik. Bunun Rusiyaya təsir edib-etməyəcəyini bilmirəm. Aydın görünür ki, (Rusiya Prezidenti Vladimir) Putin müharibəni davam etdirmək istəyir, amma biz gömrük rüsumları tətbiq edəcəyik”.
İki ölkə arasında tezliklə sülh sazişinin əldə olunmasını istədiyini bildirən Tramp Rusiyanın bu istiqamətdə səy göstərmədiyini düşündüyünü qeyd edib.
Tramp həmçinin dünənki açıqlamasından sonra Putindən hər hansı cavab almadığını bildirib və “Çox təəssüf” deyə əlavə edib.
ABŞ Prezidenti Donald Trampın “Rusiyaya 10 gün vaxt verirəm” açıqlaması bütün dünyada rezonans doğurub. Bu bəyanatın arxasında həm Trampın şəxsi siyasi üslubu, həm də ABŞ-ın qlobal strategiyasına dair ciddi niyyətlər dayanır. Tramp bu möhləti verdikdən sonra, əgər Rusiya sülh yönündə hər hansı addım atmasa, gömrük rüsumları və digər tədbirlərin tətbiq olunacağını bildirib. Lakin Trampın daha əvvəlki davranışlarına, xüsusilə İran nümunəsinə baxdıqda aydın olur ki, o, əvvəlcə passiv görünməyi, daha sonra isə qəfil və sərt zərbələr endirməyi sevir. Odur ki, 10 günün tamamında baş verə biləcək hadisələri yalnız iqtisadi müstəvidə deyil, həm də diplomatik və hərbi istiqamətlərdə təhlil etmək lazımdır.
Əvvəlcə, iqtisadi təzyiqlər gözləniləndir və bu, Trampın ilk reaksiyası kimi görünür. Rusiyadan idxal olunan məhsullara əlavə gömrük rüsumları qoymaqla “Ağ ev” Rusiya iqtisadiyyatına təzyiqi artıracaq.
Eyni zamanda Tramp üçüncü ölkələrə də təzyiq göstərə bilər ki, onlar Rusiyayla iqtisadi münasibətlərini məhdudlaşdırsınlar. Bu isə “dolayı sanksiyalar” adlanan alətdən istifadə deməkdir. Yəni yalnız Rusiyanı deyil, onunla əməkdaşlıq edən ölkə və şirkətləri də hədəfə alınacaq.
ABŞ iqtisadi gücündən istifadə edərək beynəlxalq ticarət sistemində Rusiyanı daha da təcrid edə bilər.
Enerji bazarında da müəyyən təzyiq gözlənilir. Tramp Rusiya neftinə qarşı yeni embarqolar və ya qiymət manipulyasiyaları ilə bu sektoru hədəfə ala bilər.
Bu mərhələdə diplomatik təzyiqlər də tamamilə gözləniləndir. Tramp diplomatik müstəvidə Rusiya ilə olan münasibətləri sərtləşdirə və hətta müəyyən addımlar ata bilər. Məsələn, ABŞ-Rusiya səfirlik əlaqələri dondurula, rus diplomatları ölkədən çıxarıla, ya da yüksək səviyyəli danışıqlar müvəqqəti olaraq dayandırıla bilər. Bu kimi addımlar daha çox beynəlxalq arenaya mesaj xarakteri daşıyacaq və Trampın “Rusiya ilə əməkdaşlıq artıq mümkün deyil” deyə daha sərt tədbirlərə zəmin hazırlaması olacaq.
Diplomatik əlaqələrin dondurulması Ağ evin Ukrayna savaşı ilə bağlı Avropadakı müttəfiqlərinə istiqamətlənmiş “Vaşinqton liderliyə qayıdır” mesajı mənasına da gələcək.
Lakin ən ciddi və strateji ehtimal hərbi təzyiqlərlə bağlıdır. Tramp Rusiya ilə birbaşa müharibəyə girmədən, Ukraynanı daha da gücləndirməklə Kremlə qarşı cəbhədə real təzyiq yarada bilər. Ukraynaya uzaqmənzilli raket sistemlərinin verilməsi Rusiya ərazisinə dərin zərbələr endirilməsinə imkan yaratmaq deməkdir. ABŞ-ın əlində olan bu cür raketlərin Kiyevin ixtiyarına verilməsi münaqişənin gedişini kökündən dəyişə bilər.