AZ

Təhsil proqramlarında “süni intellekt” dövrü açılır - Prezident anons etdi...


Müasir dövrdə informasiya bolluğu, texnoloji inqilablar və sürətlə dəyişən sosial dəyərlər fonunda cəmiyyətin formalaşmasında elmi-kütləvi, mədəni-maarif və təhsil proqramlarının rolu əvvəlkindən qat-qat artıb.

Bu proqramlar sadəcə bilik ötürmək və maarifləndirmək üçün vasitə deyil, həm də milli dəyərləri qorumaq, elmə marağı artırmaq, cəmiyyətin təfəkkür səviyyəsini yüksəltmək və innovativ düşüncəni təşviq etmək baxımından əvəzsizdir. Mədəni-maarif proqramları bir xalqın kimliyini, irsini və dəyərlərini yaşatmaqla yanaşı, onu yeni nəsillərə aşılayır və gələcəyə daşıyır. Televiziya, radio, internet platformaları və sosial media vasitəsilə təqdim olunan bu proqramlar həm maarifləndirici, həm də tərbiyəvi xarakter daşıyır.

Əsas odur ki, süni intellekt bizi bildiyimiz kriteriyalardan, meyarlardan uzaqlaşdırmasın

Müasir dövlətlərdə bütün sahələri əhatə edən inkişaf proqramlarının tətbiqi ölkənin güclənməsi baxımından ən vacib faktorlardan biri hesab edilir. Xüsusilə də təhsil proqramlarında süni intellekdən istifadə getdikcə aktuallaşır. III Şuşa Qlobal Media Forumunda “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda keçirilən müzakirələrdə Prezident İlham Əliyev bu məsələyə xüsusi toxundu. Ölkə başçısının sözlərinə görə, biz süni intellektlə bağlı aparıcı şirkətlərlə artıq əməkdaşlıq edirik: “Bilirsiniz, biz bunu yeni başlamışıq. Onun nə dərəcədə uğurlu olacağını görəcəyik. Lakin aydındır ki, biz dünyadakı tendensiyaların arxasınca getməliyik. Sadəcə, oturub gözləyə bilmərik. Buna görə, mənim qərarlarım yalnız inkişaf və müasirləşmə gündəliyinə əsaslanır. Süni intellektlə bağlı nə baş verəcəyini söyləmək mənim üçün çətindir. Çünki bilirsiniz, müxtəlif cəmiyyətlərin fərqli təbəqələrində buna güclü və artan müqavimət var. Bu proses hələ yeni başlayıb, görərik. Mən özüm istifadə etmirəm. Amma ailə üzvlərim var ki, ondan istifadə edirlər. Mənə də bəzən bu barədə məlumat verirlər. Amma yəqin ki, nə vaxtsa, mən də istifadə edəcəyəm. Çünki süni intellektin yayılması o qədər sürətlə gedir ki, istifadəçilərin sayı çox olacaq. Əsas odur ki, süni intellekt bizi bildiyimiz kriteriyalardan, meyarlardan uzaqlaşdırmasın”.

Süni intellektin təhsil proqramlarında istifadəsini ekspertlər necə dəyərləndirir?

Dərsliklər süni intellektin iştirakı ilə şagirdin fərdi səviyyəsinə uyğun tənzimlənə bilər

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən yazıçı-publisist, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalının fikrincə, XXI yüzilin təfəkkür koordinatlarında isə artıq yalnız neft, qaz və silaha sahib olmaq üstünlük dərəcəsi sayılmır: “Zəka, sistem və intellektin, o cümlədən süni intellektin - paylaşıldığı dünyada güc elmlə ilə ölçülür. Elə buna görə də, çağdaş dövlətlərin inkişaf strategiyalarında rəqəmsal keçidlər, intellektual transformasiyalar və süni intellekt texnologiyalarının tətbiqi - sadəcə texniki üstünlük olmayıb, milli təhlükəsizlik və dövlətçilik məsələsi kimi qəbul görür. III Şuşa Qlobal Media Forumundakı çıxışında Prezident İlham Əliyev məhz bu məsuliyyətli xəttə diqqət çəkdi: rəqəmsallaşma və süni intellektlə bağlı proseslərdə təşəbbüskar olmaq çağırışı etdi. Yəni yalnız izləyici olmayacağıq. Bəli, oturub gözləyə bilmərik. Bu cümlə bir mövqenin ifadəsi olmaqla yanaşı, gələcəyin ssenarilərinə gecikmədən daxil olmaq tələbidir. Məsələn, konkret əməli çalışma sahəsi kimi təhsil aləminə diqqət yetirək. Təhsil dediyimiz hadisə - informasiya ötürməklə yanaşı, düşüncə yaratmağa yönələndə əsl məqsədinə çatmış olur. Əgər süni intellekt doğru istifadə olunarsa məhz bu məqsədin müəllimi olmaqdan daha artıq, köməkçisi olur. Bir zamanlar “məktəbli çantası” deyilən anlayış, indi “rəqəmsal buludda daşınan biliklər”lə əvəzlənir. Dərsliklər süni intellektin iştirakı ilə şagirdin fərdi səviyyəsinə uyğun tənzimlənə bilər. Müəllimlər üçün əlavə analiz və qiymətləndirmə imkanının yaranması mümkündür. İstedadların daha tez aşkarlanması, fərdi yanaşmanın gücləndirilməsi, əlçatan və şəffaf metodika - bax, bunlar süni intellektin təhsilə verdiyi bəzi ilkin imkanlardır. Prezident İlham Əliyevin çıxışında da vurğulandığı kimi, bəli, süni intellekt bizi bildiyimiz meyarlardan uzaqlaşdırmamalıdır. Bu, həm texniki, həm də fəlsəfi təmkin çağırışıdır. Çünki süni intellekt eyni zamanda etik və humanitar sınaqdır. Əgər düşüncəni formalaşdıran sistemin özü artıq düşünürsə, onda müəllim kim, tələbə kimdir? - Ən başlıcası - insan bu sürəcin harasında dayanır?”.

Ə.Qoşalı onu da qeyd etdi ki, təhsil proqramlarında süni intellektin istifadəsi onu kimin, necə və hansı məqsədlə yönləndirməsindən asılıdır: “Əgər milli məzmun, mədəni kodlar və ana dilində düşünmə yetənəyi bu sistemlərə inteqrasiya olunmasa, biz, necə deyərlər, başqa beyinlərin “emal etdiyi” uşaqları “məktəbli” sanacağıq. Dövlət başçısının dediyi kimi, biz hələlik bu prosesin başlanğıcındayıq. Amma bu başlanğıc məhz yaxşı başlanğıcdır- deməli, prosesi davamlı davam və inkişaf etdirməliyik. Rəqəmsal transformasiya üzrə milli proqramlar, “STEAM” mərkəzləri, “ASAN” və “DOST” sistemlərinin süni intellekt modulları ilə zənginləşdirilməsi - bunlar artıq həyata keçirilən istiqamətlərdir. Elm və Təhsil Nazirliyinin gələcək strategiyalarında süni intellektin inteqrasiyası daha sistemli hal almalıdır. Bunun üçün:

a. Milli dil və dəyərlərlə uyğun AI sistemlərinin qurulması məsələsi diqqətdə saxlanmalıdır;

b. Müəllim hazırlığı proqramlarına süni intellektlə işləmə bacarığı əlavə olunmalısına bacıla bilər;

c. Etik komitələr və nəzarət sistemləri - süni intellektin istifadəsini izləməli və tənzimləməsi göz önündə tutula bilər.

Bəziləri süni intellekti “robot müəllim” kimi görür, bəziləri isə “bəşəriyyətin sonu” kimi qorxur. Amma biz, həm informasiya dönəminin sakinləri, həm də Qobustan rəsmlərinin varisləri olaraq, bu texnologiyaya öz mədəni və milli baxışımızla yanaşma haqqına sahibik. Uzun sözün qısası, süni intellekt - bizdən qabağa qaçmamalı, bizlə yol yoldaşı - necə deyərlər, öyrədən yox, yol göstərən olmalıdır. Əgər təhsil sistemimiz bu “yeni müəllim”i düzgün yerə əyləşdirə bilsə, o zaman Azərbaycan XXI yüzilin təhsil marafonunda ön sıralarda yer ala bilər. Əks halda - gələcəyin ağ lövhəsində - bizim yox, başqalarının yazısı görünəcək…

Təhsilimiz dirçəlsin, təbii və sünii intellektin hər biri öz meydanına hakim olsun və dövlətimiz zaval görməsin!”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Seçilən
4
baki-xeber.com

1Mənbələr