AZ

Polad Həşimovun qisasını almaq, ən böyük arzusu idi - Qubalı şəhid Səmural...


Qənirə Fətəliyeva: “Oğlum Vətən müharibəsinə könüllü gedib, ən böyük arzusu torpaqlarımızı işğaldan azad etmək, şəhidlərimizin qisasını almaq idi”

Torpağa çevrildi oğlum, a Tanrı,
Çağırdım, səsimə səs vermədi heç.
Adını qəlbimdə bəslərəm onun-
Balam qayıtmadı, o gəlmədi heç...

Ana hər gün oğul yolu gözləyir, adını anır ki, bəlkə balası bir gün qapıdan içəri girər, boynunu qucaqlayıb “ağlama ana, daha qayıtmışam” deyər. Analar balalarının şəhid olduğuna inanmır heç, elə bilirlər ki, bir gün oğulları qayıdacaq. Canını Vətən torpağına fəda edəndə iyirmi üç yaş vardı Qənirə ananın oğlu Səmuralın, adı kimi özü də qeyri-adi idi, fərqlənirdi tay-tuşundan, dost-tanışından. Vətən müharibəsinə könüllü gedən və tək arzusu düşmən tapdağında olan yurd yerlərimizi düşməndən azad etmək, general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və başqa şəhidlərimizin qisasını almaq olan Səmural Ayaz oğlu Fətəliyevin anası ilə Qubada yaradıcılıq ezamiyyətində olarkən həmsöhbət olduq.

Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Respublika Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi “44 gün-Tarixi zəfər” kitabının II və III cildlərinin təqdimat mərasiminə Qənirə ana da qatılmışdı.

Şəhid Səmural Fətəliyev 13 mart 1997-ci ildə Quba rayonunun Əlibəyqışlaq kəndində anadan olub, 2003-cü ildə Quba rayonu Əlibəyqışlaq kəndində yerləşən Musa Qonaqov adına tam orta məktəbin 1-ci sinfinə gedib. 2012-ci ildə həmin məktəbin 9-cu sinfini bitirdikdən sonra Quba şəhəri Azad Məmmədov adina 2 saylı liseyə daxil olub və təhsilini orada davam etdirib və 2014-cü ildə sözügedən təhsil ocağının məzunu olub.

“Qayıtmayacağını bilə-bilə hər an yolunu gözləyirəm...”

Səmural Fətəliyev 2014-cü ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tikinti-İqtisad fakültəsinin "Sənayenin təşkili və idarə edilməsi" ixtisasına daxil olub və 2018-ci ildə həmin universiteti bitirib.

Ana bildirir ki, Səmural orta məktəbdə yaxşı oxumaqla yanaşı, həm də idmana böyük marağı ilə seçilib. “Səmural kiçik yaşlarından taekvondo idman növü ilə də məşğul olub. 15-16 avqust 2003-cü ildə Qusar şəhərində keçirilən taekvondo üzrə 20 kq çəkidə uşaqlar arasında 3-cü yeri tutub. Onun idman uğurları çoxdur və idmanda aktiv iştirakına görə çoxlu fəxri fərmanlarla təltif olunub”.

Ana qeyd etdi ki, Səmural universitetdə oxuduğu müddət ərzində bir çox sahələrdə könüllü kimi iştirak edib, nailiyyətlər qazanıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi – “1 saylı ASAN xidmət” mərkəzində 20.12.2016-20.02.2017-ci il tarixində könüllü olaraq fəaliyyət göstərib. Daha fəal iştirak etdiyinə görə müsbət xasiyyətnamə və birinci dərəcəli şəhadətnamə ilə təltif edilib. BAKI 2017 İslam Həmrəyliyi Oyunlarında könüllü kimi yaxından iştirak edib.

Səmural Fətəliyev 2018–2019 cu illərdə Müdafiə Nazirliyinin "N" saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. İlk aylarında Goranboy rayonunun "N" saylı hərbi hissəsində xidmət edib (qardaşı ilə birgə) və üç aydan sonra Mingəçevir şəhərinin "N" saylı hərbi hissəsinə göndəriliblər. Nizam-intizamlı əsgər olduğu üçün hərbi hissə komandiri tərəfindən manqa komandiri təyin edilib və bir çox fəxri fərmanlarla təltif edilib.

2019-cu ildə qardaşı ilə birgə həqiqi hərbi xidməti başa vurublar. “Səmral ali təhsilli olduğu üçün 1, qardaşı isə il yarım əsgərlik çəkib.

“2019-cu ildən oğlum SOCAR-ın Təhlükəsizlik idarəsində atıcı mühafizəçi vəzifəsində əmək fəaliyyətinə başlayıb.

Oğlum Vətən müharibəsinə könüllü gedib, ən böyük arzusu torpaqlarımızı işğaldan azad etmək, şəhidlərimizin qisasını almaq idi.

Səmural 2020-ci ilin avqust ayında könüllü olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən onlayn şəkildə qeydiyyatdan keçdi və 2020-ci ilin sentyabr ayının 21-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Quba rayon idarəsi tərəfindən təlimlərə çağırıldı. Burada kəşfiyyat bölüyündə qrup komandiri vəzifəsini icra edib.

Səmural Vətən müharibəsi başlayan ilk gündən döyüşlərə qatılıb. Vətən müharibəsi zamanı Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına döyüşüb. Oktyabrın 5-də Füzuli döyüşləri zamanı Yuxarı Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Həmin döyüşə 52 nəfər qatılır və onlardan 11-i orda şəhid olub, səhv etmirəmsə, 19 nəfər də yaralanıb. Sağ qalan uşaqlardan Şuşaya qədər gedəni də olub.

Səmural döyüşlərdə kəşfiyyatçı qrup komandiri vəzifəsini daşıyıb və ona həm də gizir rütbəsi verilib”.

Ana bildirir ki, şəhid oğlu 2020-ci il oktyabr ayının 9-da Quba rayonunun Əlibəyqışlaq kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fətəliyev Səmural ölümündən sonra "Vətən uğrunda" medalı, Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fətəliyev Səmural ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Ana qeyd etdi ki, Bakı şəhəri Təhsil idarəsi Namiq Fərəczadə adına 100 nömrəli məktəbin 44-cü sinif otağı Fətəliyev Səmuralın adını daşıyır. Quba rayonu Əlibəyqışlaq kəndində yaşadığı evdə şəhidin xatirə guşəsi yaradılıb, eyni zamanda Quba şəhərində şəhidin adını daşıyan küçə var. “Əlibəyqışlaq kəndində sakinlər şəhid Fətəliyev Səmural Ayaz oğlunun və digər şəhidlərin xatirəsinə park salıblar. Parkın açılışı Səmuralın doğum gününə təsadüf edib və 13 mart 2021-ci ildə açılış gerçəkləşib.

Evimizdə də Səmurala aid ev muzeyi yaratmışıq.

Beş ildir ki, Səmural şəhid olub, amma bir an da olsa yadımızdan çıxmır. Oğlumun şəhid olduğuna heç vaxt inanmıram. Onun haqqında danışmaq çox çətindir. Qayıtmayacağını bilə-bilə hər an yolunu gözləyirəm və bu da bir ayrı əzabdır. Bir ana üçün oğul itirmək çox çətindir. Səmural mənim ilk övladım idi. İki oğlum vardı...Onun yoxluğunu dilə gətirmək, bu barəsində düşünmək çox çətindir, “o, şəhid olub, yoxdur” sözünü dilə gətirmək məşəqqətdir.

Səmuralın arzuları çox idi, elə böyük arzuları vardı ki...Hamısı yarımçıq qaldı. Oxumağa çox böyük həvəsi vardı. Ali təhsilini başa vursa da yenə də öyrənmək isyəyirdi, kurslara gedir, rus və ingilis dilləri öyrənirdi. Hamısı yarımçıq qaldı (ağlayır).

Bir valideyn olaraq əsas istəyimiz odur ki, övladlarımızın adı əbədiləşdirilsin, unudulmasınlar, yaddaşlardan çıxmasınlar, kitablarda, jurnallarda, qəzetlərdə onlardan yazılsın. Şəhidlərimizin hamısının adları məktəblərə, klublara, müəssisələrə verilsin”.

Şəhidin qardaşı Təhməz Fətəliyev Səmuralın kəşfiyyat bölüyünün qrup komandiri kimi Füzuli istiqamətində gedən döyüşlərdə fəal iştirak etdiyini, çətin tapşırıqların öhdəsindən məharətlə gəldiyini danışıb: “Onunla mütəmadi qaydada əlaqə yarada bilirdik. Zəng vura bilməyəndə mesaj yazır, yaxşı olduğunu bildirirdi. Hər dəfə danışanda da deyirdi: “Narahat olmayın, əksinə, sevinin. Biz irəliləyirik. Həm qisasımızı, həm də torpaqlarımızı alırıq”. Onunla sonuncu danışığımız oktyabrın 4-də oldu. Onda da yenə qələbə sevincini bizimlə bölüşdü. Ondan bir gün əvvəl Suqovuşan, həmin gün isə Cəbrayıl azad edilmişdi. Yenə də narahat olmamağımızı tapşırıb sağollaşdı. Bundan sonra Səmuraldan nə zəng, nə də mesaj gəldi. Narahat olmağa başladıq. Oktyabrın 8-də bizə Səmuralın şəhid olması xəbəri verildi. Bizimlə sonuncu danışığının ertəsi günü şəhid olmuşdu. Qardaşım Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı ağır artilleriya atəşinə məruz qalaraq şəhadətə yüksəlib. Oktyabrın 9-da Səmuralı kəndimizdə dəfn etdik.

Səmural təkcə qardaşım deyil, dostum, sirdaşım, arxa-dayağım idi. O qədər cəsarətli, ürəyitəmiz, məsuliyyətli idi ki, Səmuralı tanıyan hər kəs onun itkisinə üzülməklə yanaşı, həm də onunla fəxr edir...”

Çox vətənpərvər, vətəni və milətini sevən, olduqca mehriban, səmimi ailəcanlı, dost qədrini bilən bir oğlan idi Səmural. Vətəni özündən çox istəməsəydi ömrünün bahar çağında canını fəda edib ömür gülşənini soldurmazdı, anasını əbədi ağlar qoymazdı.

Əslində, Səmural kimi oğulların ömrü heç zaman xəzan görməyəcək, onlar həmişə gənc qalacaqlar, illər nə özlərini, nə də xatirələrini qocaldacaq...

İradə SARIYEVA
Quba-Bakı

Seçilən
41
baki-xeber.com

1Mənbələr