AZ

Xarici agentlər qədər təhlükəli işbaz məmurlar: Onlar kimlərdir?

Son günlər mediada Rusiyanın agentura şəbəkəsinə aid, ölkəmizin milli təhlükəsizliyinə təhdid yaradan keçmiş yüksək çinli məmurların siyahısı yayımlanır. Bu məlumatları izlədikcə və baş verən hadisələri təhlil etdikcə bir sual daim beynimdə dolaşır:

Bəs hazırda vəzifədə olan, lakin fəaliyyəti ilə milli maraqlara az qala xarici agentlər qədər təhlükə yaradan məmurlar barədə nə düşünürük?

Bəli, bu gün də ölkəmizdə məqsədyönlü və ardıcıl şəkildə qəbul etdikləri ədalətsiz, qanunsuz qərarlarla dövlət-vətəndaş münasibətlərini zədələyən, ictimai narazılığı artıran məmurlar fəaliyyət göstərməkdədir. Onların davranışları, qərarları və idarəçilik üslubu bir çox hallarda bilərəkdən aparılan daxili sabotaj təəssüratı yaradır.

Ən maraqlısı isə budur ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqın maraqlarına xidmət edən, cəmiyyətin böyük təqdirini qazanan ciddi qərarlar qəbul etdikcə, bəzi məmurlar bu qərarların icrasını elə ədalətsiz bir formada reallaşdırırlar ki, nəticədə geniş ictimai təqdir qazanan təşəbbüslər ətrafında belə incikliklər, narazılıqlar yaranır. Bu isə artıq təsadüf sayıla bilməz.

Bu siyasətin məqsədi nədir?

Görünən odur ki, bəzi hakim dairələrin iki əsas hədəfi var:

1. Qərəzli və ardıcıl ədalətsiz qərarlarla dövlətə və Prezidentə sədaqətlə və peşəkar formada xidmət edən şəxsləri uzaqlaşdırmaq,

2. Bunun fonunda isə Dövlət və cənab Prezidentin nəzərində “bütün uğurlar bizim gücümüzdür” mesajını ötürərək, öz məntiqləri ilə toxunulmaz olmağa çalışırlar.

Oysaki bu şəxslərin hər biri möhtərəm Cənab Prezidentin fenomenal nüfuzunun kölgəsində böyük görünürlər.

Ancaq onlar bir şeyi unudurlar: Azərbaycan dövlətinə və onun Liderinə illərdir sədaqətlə xidmət edən insanlar bu yolu heç bir şəxsi maraq və mənafeyə görə seçməyiblər. Bu yolda qarşılarına çıxan çətinliklər, maneələr, intriqalar onları yolundan döndərə bilməz – əksinə, daha da möhkəmləndirər.

Tarix və təcrübə göstərir ki, bu cür zərərli fəaliyyətlər, gec-tez həm dövlət qarşısında, həm də İlahi ədalət qarşısında cavabsız qalmır.

Milli maraqlara zidd fəaliyyət yalnız xarici agentlərlə məhdudlaşmır. Bəzən təhlükə elə içimizdəki müəyyən kreslo sahiblərindən gəlir…

//Fərid Şahbazlı

Seçilən
28
editor.az

1Mənbələr