BAKI, 30 iyul. TELEQRAF
ABŞ-nin Rusiyaya qarşı yeni tariflərinin tətbiqi yalnız Ukraynada münaqişənin kəskinləşməsinə gətirib çıxaracaq.
Teleqraf xəbər verir ki, bu barədə amerikalı iqtisadçı, Kolumbiya Universitetinin professoru Cefri Saks "RİA Novosti" agentliyinə müsahibəsində bildirib.
O söyləyib ki, əgər sanksiyalar faktiki olaraq tətbiq olunarsa, bu, münaqişənin eskalasiyasına və nəticədə son dərəcə təhlükəli addımlara səbəb olacaq.
Saksın fikrincə, ABŞ-nin bu addımları Ukraynada vəziyyəti daha da gərginləşdirə bilər.
İqtisadçı, həmçinin ABŞ Prezidenti Donald Trampın Rusiyaya qarşı tətbiq etdiyi yeni tədbirlərin effektiv olmayacağını bildirib.
Saksın sözlərinə görə, tariflər Moskvanın Asiya bazarlarına neft, qaz və digər xammal satışını dayandırmağa kifayət etməyəcək.
O əlavə edərək, bu tədbirlərin Amerikanın xarici siyasətinə mənfi təsir göstərə biləcəyini də etiraf edib.
Xatırladaq ki, Tramp iyulun 14-də Ukrayna ilə bağlı sülh razılaşması əldə olunmazsa, Moskva və onun ticarət tərəfdaşlarına 100 faiz rüsum tətbiq edəcəyinə söz vermişdi. İyulun 28-də isə o, Rusiyanın Ukrayna ilə razılaşma əldə etməsi üçün müddəti 10-12 günə qədər qısaldıb.