AZ

Kamçatkanı silkələyən zəlzələ: Azərbaycana da təhlükə yaranıb?

Rusiyanın şərqində, Kamçatka bölgəsi yaxınlığında baş verən 8,8 bal gücündə zəlzələ yalnız ölkə daxilində deyil, qlobal miqyasda da səs salıb.

Bu son 10 ildə dünyada infiyəqədər baş verən zəlzələlərdən 10 ən böyük zəlzələdə biri olub. Bu təbii fəlakət bölgədə fövqəladə vəziyyət elan olunmasına, ABŞ və Yaponiya kimi yaxın ölkələrdə isə sunami xəbərdarlığı verilməsinə səbəb olub. 1952-ci ildən bu yana Kamçatkada baş verən ən böyük təkanlar kimi yadda qalan bu zəlzələnin təsir dairəsi geniş müzakirələrə yol açıb.

Bəzi seysmoloqlar hesab edirlər ki, güclü zəlzələlər regional gərginlikləri dəyişdirərək, digər seysmik zonalarda enerji yığımını sürətləndirə və ya gecikmiş təkanların baş verməsinə zəmin yarada bilər.

Maraqlıdır, belə güclü maqnitudalı zəlzələ digər fay xətlərinə  təsir edərək, onların yaxın gələcəkdə aktivləşməsinə yol aça bilərmi?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, Kamçatka bölgəsində baş verən zəlzələ son illərin də ən güclülərindən biridir. O qeyd edib ki, gələcəkdə həmin fay xətlərində, eləcə də yaxın bölgələrdə tektonik qırılmalar nəticəsində zəlzələlərin baş vermə ehtimalı var:

“Baş verən bu zəlzələ son illərin də ən güclülərindən biridir. Təkcə ötən gecə deyil, ondan əvvəlki bir həftə ərzində də həmin ərazidə 5 baldan yuxarı maqnitudaya malik 10-15 zəlzələ baş verib. Kamçatka zonası seysmik baxımdan olduqca aktivdir. Bu bölgə suqduksiya zonası sayılır. Belə ki, bir tərəfdə Yapon plitəsi, digər tərəfdə Şimal Buzlu okeanı, Sakit okean və Avrasiya plitələri yerləşir. Plitələrin bu qarşılıqlı hərəkəti güclü zəlzələlərə səbəb olur. Plitədaxili blokların hərəkəti nəticəsində baş verən zəlzələlərlə müqayisədə, plitələrarası zəlzələlər daha güclü və dağıdıcı olur. Bu dəfəki zəlzələ də məhz həmin tipdədir.

Üstəlik, baş verən zəlzələ sunami riskini daha da artırır. Çünki okeanda baş verib. O təkan nəticəsində müəyyən müddətdə müəyyən məsafələri subasma ehtimalları daha çoxdur. Bu səbəbdən Rusiyanın Fövqəladə Hallar Nazirliyi sahilboyu ərazilərdə yaşayan əhalinin təxliyəsinə başlayıb. Təbii ki, belə güclü zəlzələlərdən sonra plitələrin hərəkəti ilə əlaqədar müxtəlif istiqamətlərdə tektonik qırılmalar baş verir. Əgər bu qırılmaların yerləşdiyi digər zonalarda da enerji toplanırsa, orada da zəlzələ baş verməsi mümkündür. Yəni zəlzələ tək bir nöqtədə məhdudlaşmır. Güclü zəlzələdən sonra mütləq şəkildə afterşoklar olur.

Hazırda Kamçatkada qeydə alınan 5 və daha yuxarı bal gücündəki təkanlar məhz həmin afterşoklardır. Əsas zəlzələ 8,8 bal gücündə olan əsas təkan idi. Bu hərəkətlər nəticəsində tektonik qırılmalar baş verir, yer qabığı ayrı-ayrı bloklara parçalanır. Hər zəlzələ zamanı müəyyən qədər enerji boşalır və gərginlik azalır. Gələcəkdə də bu və ya digər fay xətlərində tektonik qırılmalar nəticəsində zəlzələlərin baş vermə ehtimalı mövcuddur”. 

Qurban Yetirmişlinin sözlərinə görə, Kamçatkada baş verən güclü zəlzələnin Azərbaycanın seysmik vəziyyətinə təsiri yoxdur:

“Zəlzələnin gücü 8,8 bal olaraq qeydə alınıb. Xatırlayırsınızsa, 2011-ci ildə Yaponiyada baş verən və 9,1 bal gücündə olan zəlzələ nəticəsində Fukusima atom elektrik stansiyasında radiasiya sızması baş vermişdi. Həmin zəlzələ 500-700 kilometrə qədər məsafədə sunami təhlükəsi yaratmış və bölgədə böyük insan tələfatına səbəb olmuşdu.

Qeyd edim ki, Kamçatkada baş verən bu zəlzələnin bizim region üçün birbaşa seysmik təhlükəsi yoxdur. Respublikamızda seysmiklik fon səviyyəsindədir. Son günlərdə Xəzər dənizində və Mingəçevir ətrafında qeydə alınan 3 və ya bir qədər artıq maqnitudalı təkanlar da fon səviyyəsindədir və narahatlıq doğurmur. Hazırda elə bir vəziyyət yoxdur ki, ölkəmizdə güclü, dağıdıcı zəlzələ gözlənilsin”. 

 

Əfsanə Rəcəb 

Seçilən
27
2
hurriyyet.az

3Mənbələr