BAKI, 30 iyul. TELEQRAF
Yay mövsümündə qidalanma sağlamlığımız üçün çox kritik əhəmiyyət daşıyır. İsti hava bədəni daha tez susuzlaşdırır, həzm sistemi zəifləyir və zəhərlənmə riski artır.
Bəs isti havalarda necə qidalanmaq lazımdır?
Qida mühəndisi, sağlam qidalanma üzrə ekspert Fərid Səfərov mövzu ilə bağlı Teleqraf-a açıqlmasında bildirib ki, yayda qidalanma zamanı maye qəbuluna xüsusi diqqət yetirmək lazımdır:
“Maye qəbulunu artırın , gün ərzində 2.5-3 litr su için. Ayran, limonlu su, zəif dəmlənmiş yaşıl çay susuzluq üçün faydalıdır. Şirin qazlı içkilər, enerji içkiləri - susuzluğu artırır və şəkər qəbulunu artırır. Ona görə də, bu içkilərdən uzaq durmaq məsləhətdir”, - ekspert qeyd edir.
Yay aylarında spirtli içkilərdən istifadə etmək olarmı?
Qida mühəndisi deyir ki, isti havalarda spirtli içki içmək tövsiyyə olunmur: "Spirtli içkilər orqanizmi susuzlaşdırır, eyni zamanda, təzyiq və ürək döyüntüsünü də artıra bilər. İsti havada spirtli içki qəbulu birlikdə bədənin istilik balansını pozur".
Yayın ən çox istifadə edilən qida məhsulları - qarpız, dondurma, göbələk. Bu qidalardan istifadə və zəhərlənmə riski də daşıyır. Bəs bu qidalardan istifadə zamanı nələrə diqqət edilməlidir?
Qidalanma üzrə mütəxəssis vurğulayır ki, bu məhsullar yayın ən çox istifadə edilən qidaları olduğu üçün zəhərlənmə halları da ən çox bu qidalardan olur: “Kəsilmiş halda küçədən qarpız almayın. Qarpız soyuducuda saxlanmalı, kəsildikdən sonra 24 saat içində yeyilməlidir. Dondurma seçimində etiketli və brend məhsul almağa çalışın. Göbələyi isə yalnız marketdən almaq lazımdır. Göbələyi az bişirmək olmaz – tam bişməlidir”.
Bəs yayda nə yeyək, necə yeyək ki, həzm problemləri və digər hallar yaşamayaq?
Fərid Səfərov qeyd edir ki, yüngül və təzə məhsullara üstünlük verilməlidir: "Təzə meyvə-tərəvəz (xiyar, pomidor, yaşıl salatlar, qatıq, kefir, az yağlı pendir, bişmiş və ya buğda hazırlanmış tərəvəz yeməkləri, qaynadılmış və ya qril edilmiş toyuq, balıq, qarabaşaq, yulaf, bulqur). Çox yağlı və ədviyyatlı yeməklər həzm sistemini yorur, orqanizmi susuzlaşdırır. Ona görə də, bu cür qidalardan uzaq olmaq laızmdır. Qızartmalar və fast food qidalar isə həm zərərli, həm də zəhərlənmə riski artırır. Çiy yumurta, mayonezli salatlar mikrobların çoxalması üçün ideal mühit olduğu üçün yay aylarında istifadə etmək tövsiyyə olunmur".