AZ

''Qalatasaray'' Moratanı ''Komo''ya buraxacaqmı?

''Qalatasaray''da məşqlərə çıxmasına baxmayaraq bu klubda qalmaq istəməyən və İtaliya təmsilçisi ''Komo'' ilə anlaşan Alvaro Morata ilə bağlı yeni xəbər var.

İspaniyalı Fransesk Fabreqasın çalışdırdığı və bu mövsüm transferlərə artıq 100 milyon avrodan çox pul xərcləyən ''Komo'' rəsmi şəkildə ispaniyalı forvardın yolunu gözlədiyini açıqlayıb.

Klub prezidenti Mirvan Suvarso İtaliya mətbuatına açıqlamasında bunları deyib:
''Morata üçün ''Milan'' ilə anlaşmışıq. O, bizdə oynamağa razılıq verib. Biz artıq üzərimizə düşəni etmişik. İndi isə ''Qalatasaray'' ilə ''Milan'' öz aralarında razılığa gəlməlidilər''.
Ancaq Türkiyə çempionunun ''Komo'' ilə ulduzu barışmır. Bu klubların münasibətləri bir müddət öncə Devinson Sançesə görə pozulmuşdu. İtalyanlar kolumbiyalı ilə gizlicə danışıqlar aparmışdılar. ''Qalatasaray'' bundan xəbər tutduqdan sonra acığa düşərək Sançesə görə 50 milyon avro tələb etmiş, üstəlik italyanları FİFA-ya şikayət etməklə hədələmişdi.

İndi də ''Komo'' prezidentinin açıqlamasına baxmayaraq ''Qalatasaray'' Moratanı qətiyyən buraxmaq istəmir. ''Tuttomercato''nun xəbərinə görə ''sarı-qırmızılar'' Morataya görə təklifi geri çeviriblər. Okan Buruk təcrübəli forvardı əldən buraxmaq istəmir və onu əsas heyətdə oynatmağı planlaşdırır.

Daha öncə qeyd olunurdu ki, Viktor Osimhenin transferi tamamlandıqdan sonra ''aslan'' Moratanı buraxmağa razılıq verəcək. Amma göründüyü kimi indi fərqli xəbər ortaya atılıb.

Maraqlıdı, görəsən, Osimhen gəldikdən və İkardi tam sağaldıqdan sonra Morata necə start heyətində oynayacaq? Xatırladaq ki, 32 yaşlı hücumçu müqavilə ilə ''Milan''a məxsusdu. ''Qalatasaray'' ötən mövsümün qış transfer dönəmində 6 milyon avroya bu futbolçunu birillik icarəyə götürüb. Yəni Moratanın faktiki olaraq hazırda Türkiyə çempionu ilə hələ 6 aylıq müqaviləsi var.

''Real''ın sabiq üzvü indiyə qədər ''Qalatasaray''da 16 rəsmi oyunda 7 qol, 3 məhsuldar ötürməlik performans sərgiləyib.
Seçilən
15
football-plus.az

1Mənbələr