AZ

"Terrorsuz Türkiyə" komissiyası avqust ayında fəaliyyətinə başlayacaq

BAKI, TurkicWorld

Türkiyə Böyük Millət Məclisində (TBMM) qurulacaq "Terrorçusuz Türkiyə" Komissiyası avqustun ilk həftəsində fəaliyyətinə başlayacaq.

TurkicWorld xəbər verir ki, bu barədə TBMM sədri Numan Kurtulmuş, İsveçrənin Cenevrə şəhərində keçirilən Altıncı Dünya Parlament Sədrləri Konfransı çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Kurtulmuş, "Terrorsuz Türkiyə" prosesinin son dərəcə həssas olduğunu vurğulayıb.

"Bu məsələ uzun illərdir Türkiyənin qarşısında ciddi bir maneə kimi dayanırdı, indi isə onu həll etmək üçün real imkan yaranıb. Silahların təhvil verilməsi ilə məsuliyyət artıq TBMM-nin üzərinə düşür. Komissiya bu prosesə dair hüquqi tənzimləmələri hazırlayacaq. Bu, siyasi müzakirə meydanı deyil. Bu, 86 milyon vətəndaşın birgə məsuliyyət və əməkdaşlıqla bu problemi aradan qaldırmaq üçün atacağı addımları əhatə edən bir prosesdir" - deyə, Kurtulmuş qeyd edib.

O, bütün partiyalarla görüşlər keçirdiyini və bu məsələnin irəliləməsi üçün kifayət qədər geniş dəstəyin vacib olduğunu bildirib. Komissiyanın əsas məqsədinin problemin necə həll ediləcəyini müəyyənləşdirmək olduğunu vurğulayan Kurtulmuş, prosesi dəstəkləyən partiyalara təşəkkürünü bildirib.

Bundan əlavə, Kurtulmuş bildirib ki, Parlamentlərarası İttifaqın növbəti iclası 2026-cı ildə Türkiyədə keçiriləcək və tədbirdə dünya ölkələrinin liderləri və nümayəndələri mühüm məsələləri müzakirə edəcəklər.

Qeyd edək ki, iyulun 11-də İraqın Süleymaniyyə şəhərində PKK-ya bağlı bir qrup silahlarını məhv edərək prosesin yeni mərhələsini başladıb.

PKK üzvləri Süleymaniyyənin Surdaş mahalı sərhədindəki mağarada toplaşaraq silahlarını alovlu qazanda məhv ediblər. Proses İraq Kürd Regional Rəhbərliyi, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı, DEM Partiyası nümayəndələri və vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə izlənilib.

MHP sədri Devlet Bahçelinin çağırışı və Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə irəliləyən "Terrorsuz Türkiyə" prosesi, silahların məhv edilməsi ilə simvolik dönüş nöqtəsinə çatıb. PKK-nın tam tərksilahı sentyabrın sonuna qədər tamamlanması planlaşdırılır.

Həmçinin qeyd edək ki, bu prosesin əsas mərhələlərinə DEM Partiyasının Ədliyyə Nazirliyinin icazəsi ilə İmralıya səfərləri, siyasi partiyalar arasında müzakirələr və prezident Ərdoğanın Pervin Buldan və Mithat Sancarla görüşləri daxildir. PKK mayın 5-7-də keçirilən qurultayında təşkilatın ləğvi və silahın yerə qoyulması qərarını açıqlamışdı.

"Terrordan Azad Türkiyə" hədəfinin həyata keçməsi ilə ölkə əhalisi üçün yeni bir dövr başlayır. Hökumət, prosesi sülh və təhlükəsizlik çərçivəsində davam etdirməkdə qərarlıdır.

Seçilən
20
turkic.world

1Mənbələr