“Dünyanın ən zəngin dillərindən biri olan Azərbaycan dili xalqımızın milli kimliyinin, düşüncə tərzinin, mənəviyyatının əsasını təşkil edir. Tarixin ağır sınaqlarından çıxmış ana dilimizin kökləri minilliklərə gedib çıxır. Ədəbi ənənələri ilə zəngin, Dədə Qorqud irsindən süzülərək bu günə qədər gələn qədim dilimiz yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqımızın varlıq nişanəsi, milli dövlətçiliyimizin simvoludur”.
Bu fikirləri Milli Məclisin deputatı Mehriban Vəliyeva 1 Avqust – Azərbaycan əlifbası və Ana dili günü münasibətilə saytımıza verdiyi açıqlamada bildirib.
Deputat qeyd edib ki, hazırda dünyada 5 minə yaxın dil mövcuddur, lakin onların yalnız 200-ə yaxını rəsmi dövlət dili statusuna malikdir. “Azərbaycan xalqı o xoşbəxt xalqlardandır ki, dilini qoruyub yaşadan dövləti var. Bu gün dünyada 50 milyondan çox insan Azərbaycan dilində danışır. Ana dilimiz Şərqdə Çin, şimalda rus, cənubda fars, qərbdə Avropa dillərinin təsirinə məruz qalsa da, öz tarixi-mədəni bütövlüyünü qoruyaraq yaşayır və inkişaf edir.”
Mehriban Vəliyeva vurğulayıb ki, dil yalnız ünsiyyət vasitəsi deyil, həm də əxlaqın aynası, vətənpərvərliyin mayası və ədəbiyyatın nəfəsidir:
“Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı Ulu Öndər Heydər Əliyevin xidmətləri misilsizdir. Sovet imperiyasının milli dilləri sıxışdırdığı dövrdə Ulu Öndər Azərbaycan dilinin hüquqlarını qorumaq uğrunda əsl qəhrəmanlıq göstərdi. 1978-ci ildə Konstitusiyaya ‘Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir’ maddəsinin daxil edilməsi tarixi və cəsarətli bir addım idi.”
Millət vəkili qeyd edib ki, Ulu Öndərin rəsmi tədbirlərdə Azərbaycan dilində çıxış etməsi, ədəbiyyat və mətbuata dəstək göstərməsi, ziyalılara və dil xadimlərinə xüsusi münasibəti onun ana dilinə verdiyi yüksək dəyərin sübutudur. Məhz bu diqqətin nəticəsidir ki, Azərbaycan dilinin dövlət dili statusu 1995-ci ildə Konstitusiyada təsbit olundu, 2001-ci ildə isə latın qrafikalı əlifbaya keçid həyata keçirildi.
“1 Avqust tarixinin Azərbaycan əlifbası və Ana dili günü kimi qeyd olunması dil siyasətimizin ideoloji və praktik əsaslarla davam etdirildiyini göstərir. 2002-ci ildə qəbul edilən ‘Dövlət dili haqqında’ Qanun isə Azərbaycan dilinin hüquqi statusunu tam olaraq nizamlayıb. Ulu Öndərin məşhur kəlamı bu gün də gənclər üçün yol göstəricisidir: ‘Dil, dil, bir də dil... Bizim gənclərə deyirəm ki, rus dilini də, ingilis, fransız dilini də yaxşı bilin. Amma bunların hamısından yaxşı öz Azərbaycan dilimizi öyrənin. Əgər bunu bilməsən, sən tam azərbaycanlı olmursan’.”
Mehriban Vəliyeva bildirib ki, Ulu Öndərin müəyyənləşdirdiyi dil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2018-ci ildə imzalanmış “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman bu istiqamətdə atılan yeni və əhəmiyyətli addım oldu.
Deputat əlavə edib ki, Azərbaycan dili sadəcə rabitə vasitəsi deyil, həm də milli yaddaşımız, tarixi varlığımız və mənəvi birliyimizdir:
“Azərbaycan dili bizi yüzillər boyunca bir xalq kimi qoruyub. Müstəqil dövlətimizin olmadığı dövrlərdə belə dilimiz milli kimliyimizi yaşadan əsas dayaqlardan biri olub. Ona görə də bu dili qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə sevdirmək hər bir azərbaycanlının borcudur.”
Mehriban Vəliyeva, həmçinin ana dili müəllimlərinin cəmiyyətə verdiyi töhfələri də xüsusi vurğulayıb:
“Ana dilini sevdirməklə bizə kimliyimizi, milli düşüncə və duyğumuzu öyrədən müəllimlərimizin əməyi danılmazdır. Onların zəhməti sayəsində Azərbaycan dili bu gün özünün ən parlaq dövrünü yaşayır. 1 Avqust həm də bu müəllimlərin günüdür. Bütün ana dili müəllimlərini təbrik edir, onlara uğurlar arzulayıram.”