Sahil Kərimli: “Ermənistanın həm prezidenti, həm də baş naziri sülh müqaviləsinin imzalanması ilə bağlı son günlərdə çox ciddi bəyanatlar səsləndirirlər”
Ermənistan prezidenti Vaaqn Xaçaturyan iyulun 29-da Sünikdə (Qərbi Zəngəzur) keçirilən müşavirədə deyib ki, Sünik Ermənistanın gələcək inkişafı üçün qapıya çevriləcək.
“Əgər biz Sünikin qapılarını aça bilsək - mən 43 kilometrlik imkanları nəzərdə tuturam - o zaman əmin ola bilərsiniz ki, gələcək bizə inkişaf üçün böyük imkanlar verəcək...
...Məqsədimiz yaxın gələcəkdə sülh sazişi imzalamaqdır”- deyə Ermənistan prezidenti qeyd edib.
Vaaqn Xaçaturyan Bakı ilə sülh sazişinin imzalanmasının “ən yaxın dövlət vəzifəsi” elan edildiyini bəyan edib.
Ekspertlər hesab edir ki, əslində, rəsmi İrəvan Bakının çağırışlarına çoxdan cavab verməli idi, lakin Ermənistan indiyə qədər Bakı ilə sülh sazişinin imzalanmasını müxtəlif bəhanələrlə ləngidib və antisülh addımlarla gündəmdə olub...
“Rəsmi İrəvan yaxşı anlayır ki...”
Politoloq Sahil Kərimli “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistanın dövlət rəsmiləri artıq reallığı daha yaxşı anlamağa başlayıblar: “Rəsmi İrəvan yaxşı anlayır ki, Ermənistan adlı dövlətin gələcəyi birbaşa Azərbaycandan, xüsusilə də Azərbaycanın irəli sürdüyü sülh sazişinin imzalanmasından keçir. Çünki Erməninstan uzun illərdir ki, bölgədə təcrid olunmuş vəziyyətdə yaşayır. Eyni zamanda da Ermənistan iqtisadiyyatı tənəzzüldədir, bu ölkədə əhalinin sosial vəziyyəti olduqca acınacaqlıdır, Ermənistanın bölgədəki heç bir ölkə ilə normal münasibətləri yoxdur. Xüsusilə də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayana qədər Ermənistan üçün təhlükə vardır. Bunu artıq Ermənistan rəsmiləri yaxşı anlayır. Son bir neçə ildə Ermənistan sülh müqaviləsinin imzalanmasından boyun qaçırıb, qeyri-konstruktiv mövqe nümayiş etdirib, bu isə məsələni olduqca təhlükəli həddə gətirib çıxarıb. Ermənistanın qeyri-konstruktivliyi, sülh müqaviləsinə imza atmaması, Azərbaycanın irəli sürdüyü təkliflərdən boyun qaçırması bölgədə sülh və təhlükəsizlik üçün çox ciddi təhdidlər yaradır. Amma Ermənistanın həm prezidenti, həm baş naziri sülh müqaviləsinin imzalanması ilə bağlı son günlərdə çox ciddi bəyanatlar səsləndirir. Bu da, əlbəttə ki, Cənubi Qafqazın gələcəyi üçün çox önəm daşıyan məsələdir”.
S.Kərimlinin fikirincə, amma burda bir neçə detal var və təbiidir ki, Azərbaycanın irəli sürdüyü təkliflər hələ də Ermənistan tərəfindən qəbul edilmir. O vurğuladı ki, halbuki, bu təkliflər konkret həllini tapmayınca, Ermənistan tərəfindən qəbul edilməyincə sülh müqaviləsinin imzalanması da mümkünsüz görünür: “Əvvəlcə, Ermənistan öz konstitusiyasına dəyişiklik etməlidir, Azərbaycana qarşı ərazi iddialarından əl çəkməlidir. Digər tərəfdən də, ATƏT-in Minsk qrupunun buraxılması məsələsi əsas təkliflərdən biridir. Çünki artıq münaqişə həll olunub və ATƏT-in Minsk qrupu kimi yararsız bir təsisatın fəaliyyət göstərməsi də məqsədəuyğun hesab edilmir. Bu məsələlər, eləcə də sərhədlərin delimitasiya və demarkasiyası prosesində Ermənistanın konstruktivlik nümayiş etdirməsi, bölgədə nəqliyyat-kommunikasiya xətlərinin açılması, xüsusilə Zəngəzur dəhlizinin reallaşdırılması əsas prioritetlərdən olmalıdır. Bu halda biz dayanıqlı, ədalətli və uzunmüddətli sülh müqaviləsinin imzalanmasına nail ola bilərik. Ümumikdə, prosesin gedişatı qənaətbəxşdir. Yəni Azərbaycanın irəli sürdüyü məsələlər həllini tapdıqdan sonra sülh müqaviləsinin imzalanması da reallaşacaq”-deyə S.Kərimli vurğuladı.
İradə SARIYEVA