AZ

Tramp doğrudan da “KQB” agentidirsə, Zəngəzurdakı “Tramp körpüsü” kimə xidmət edəcək?...-EKSPERT

“Zəngəzur məsələsi ilə bağlı başqa bir versiya da var ki, guya ABŞ-ın Cənubi Qafqazda aktivləşməklə Rusiya ilə Ukrayna və Cənubi Qafqaz məsələləri ilə bağlı hardasa bir mübadilə aparmaq istəyir. Amma bu da çox inandırıcı görünmür, çünki...”
 
“Zəngəzur məsələsində Amerikanın rolu və o əraziyə iddiası nə dərəcədə ciddidir, bunu dəqiq bilmək çətindir. Hərçənd, ABŞ mətbuatında, özü də ciddi media orqanlarında bu barədə bir çox məqalələr var ki, həmin yazılarda Zəngəzur dəhlizi, az qala, əsas geo-siyasi rəqabət meydanı kimi göstərilir. Bunun "Tramp körpüsü" adlandırılması isə siyasi texnologiyadır. Hər kəs bilir ki, Tramp öz adının hallandığı hər bir şeyə xüsusi diqqət yetirir. Bəlkə də, buna görə bu adı uydurublar. Yəni Trampın bu məsələyə müdaxiləsi, əslində, onun siyasi imicinin bir hissəsidir”.
 
Bu fikirləri siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Moderator.az əməkdaşının “ABŞ-ın Zəngəzurdan keçəcək yolla bağlı "Tramp körpüsü" adlanan layihəsi haqda nə demək olar? Bəs əgər Tramp doğrudan da “KQB”-“FSB” agentidirsə, o halda həmin “körpü” kimə xidmət edəcək? Bəlkə elə bu cür gedişlərlə Ukraynada olduğu kimi, burada da Rusiyanın xeyrinə olaraq Ermənistanla Azərbaycanın başını qatır, vaxt aparır?” suallarını cavablandırarkən dilə gətirib.
 
“Trampın “KQB”-“FSB” agenti olmasına gəldikdə, bunu söyləmək üçün əlimdə heç bir əsas yoxdur. Və ABŞ prezidentinin Rusiyaya qarşı mövqeyi ən azı sözdə sərtləşib, amma düşünmürəm ki, əməldə də sərtləşəcəkdir. Eyni zamanda  Zəngəzur məsələsi ilə bağlı başqa bir versiya da var ki, guya ABŞ-ın Cənubi Qafqazda aktivləşməklə Rusiya ilə Ukrayna və Cənubi Qafqaz məsələləri ilə bağlı hardasa bir mübadilə aparmaq istəyir. Amma bu da çox inandırıcı görünmür, çünki hər iki bölgə Rusiya üçün strateji əhəmiyyət daşıyır və Kreml bu ərazilərdə təsirini qorumağa çalışır. Cənubi Qafqaz İrana və bütövlükdə Yaxın Şərqə çıxışdır. Ukrayna isə ən əsas məsələ - Avropanın cənub-şərq cinahı və Qara dənizlə bağlıdır. Hər iki region da strateji baxımdan önəmlidir — həm Cənubi Qafqaz, həm də Qara dəniz bölgəsi və Ukraynanın özü. Və təbii ki, Rusiyanı bu ərazilərdən sıxışdırıb çıxarmağa çalışırlar.  Güney Qafqazda xüsusi siyasi aktivlik nəzərə çarpmasa da, belə bir mübarizə görünür. Və belə bir mübahisələrin iki yolla həlli var: ya siyasi yol, ya da müharibə- üçüncü yol yoxdur bu halda...
 
Müharibə isə Ukraynada faktiki gedir. Özü də  NATO ilə Rusiya arasında... Ukrayna sadəcə bu prosesin bir iştirakçısıdır. Cənubi Qafqazda isə müharibə real deyil, çünki NATO-nun o gücü yoxdur.  Təbii ki, məsələyə Türkiyə qarışmasa... Daha doğrusu, Türkiyə qarışarsa... Bu da başqa bir sualdır, çünki elə NATO-nun özü ilə onun üzvü olan Türkiyə arasında da ziddiyyətlər var... Başqa bir tərəfdən, bilirsiz ki, Yaxın Şərqdə Trampın hərtərəfli himayə etdiyi İsraillə Türkiyə arasında da gərginlik var. Və Türkiyənin belə bir şəraitdə NATO-nun Cənubi Qafqaz planlarında iştirak edib-etməyəcəyi də ciddi bir sualdır. Düşünürəm ki, yox... Türkiyə NATO-nun yox, öz maraqları naminə hansısa prosesə qarışa bilər. Yəni, biz görürük ki, belə bir dolaşıq situasiya alınır. Və suallar çox olsa da, hələ də bir çoxlarına cavab tapılmayıb. Çünki konkret fəaliyyət görünmür. Hələ sözlər ön plandadır. Bəs bu sözlər hara aparır, orada hansıların reallaşma şansı nə qədərdir – bu da aydın deyil. Bax,  mən məsələni belə dəyərləndirirəm...”- deyə davamında analitik diqqətə çatdırıb.
 
Sultan Laçın
 
Seçilən
21
1
moderator.az

2Mənbələr