Tural İsmayılov: "Yalan informasiyalarla dolu bu kampaniyaların arxasında həm Rusiya, həm də Fransadakı bəzi ermənipərəst mərkəzlər dayanır"
İyulun 26-da Azərbaycan tərəfi Cermuk ərazisində erməni mövqelərini işğal edib. Bu barədə Ermənistanın yerkir.am informasiya portalı məlumat yayıb.
Vəziyyəti Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan şərh edib və əmin edib ki, bu məlumat reallığa uyğun deyil. “Bu bəyanatlar reallığa uyğun gəlmir, bu dezinformasiyadır.
Erməni mediasinda bu cür dezinformasiyaların "ilham pərisi" hansi qüvvələr ola bilər?
İyulun 26-da yayılan “Azərbaycan Cermukda erməni mövqelərini işğal edib” iddiası növbəti dəfə Ermənistan mediasının dezinformasiya texnologiyalarına əl atdığını göstərir. Bu cür uydurma xəbərlərin arxasında duran əsas motiv Ermənistan cəmiyyətində süni panika yaratmaq və daxili auditoriyanı səfərbər etməkdir. Bu informasiya hücumunun "ilham pərisi" ilk növbədə revanşist dairələr və onlarla əlaqəli diaspor şəbəkələridir. Onların məqsədi rəsmi İrəvanı hərbi ritorikaya sürükləmək və bölgədəki gərginliyi yenidən alovlandırmaqdır.
"Ermənistan Müdafiə Nazirliyinin belə xəbərləri təkzib etməsi göstərir ki, bu tip təxribatlar dövlət qurumları ilə bərabər medianın qeyri-rəsmi, manipulyativ seqmentləri tərəfindən tirajlanır”- deyə baki-xeber.com-a bildirən siyasi şərhçi Tural İsmayılov əlavə etdi ki, Ermənistan daxilindəki bəzi dairələr Paşinyan hakimiyyətinə qarşı informasiya savaşı aparır və bu kontekstdə Azərbaycan mövzusunu alətə çevirmək istəyirlər: "Eyni zamanda, bu cür iddialar Qərb dairələrinə “Azərbaycan sülh istəmir” mesajı vermək məqsədi daşıyır.
Əslində isə, bölgədə hərbi balans Azərbaycanın xeyrinə dəyişdiyi üçün Ermənistan ictimai şüuruna qorxu yeritmək onların köhnə strategiyasıdır. Hər hansı lokal insidentin şişirdilərək “işğal” kimi təqdim edilməsi düşmən obrazının diri saxlanmasına xidmət edir. Yalan informasiyalarla dolu bu kampaniyaların arxasında həm Rusiya, həm də Fransadakı bəzi ermənipərəst mərkəzlər dayanır. Onlar Cənubi Qafqazda sülh müqaviləsinin bağlanmasını istəməyənlərdir.
Yerkir.am kimi saytlar da bu oyunun informasiya vitrinidir. Hazırda Ermənistan daxilində siyasi qarşıdurma dərinləşdiyi üçün belə informasiya atəşləri daha da artacaq. Azərbaycan isə bu cür saxta xəbərlərə reaksiya verməkdənsə, diplomatik platformalarda həqiqətləri əsaslandırmağa davam edəcək. Ermənistan ictimaiyyəti də anlamalıdır ki, müharibə ritorikası onları çıxışa yox, uçuruma aparır. Sülh istəyənlər dezinformasiyadan yox, faktdan danışar".
Akif NƏSİRLİ