AZ

"Azərbaycan İranın qorxusundan ABŞ, NATO, AB-ni Zəngəzur dəhlizinə gətirir" - İran düzəlmir...


Azər Həsrət: “İranın Zəngəzur dəhlizi ilə bağlı nə danışması, necə müzakirələr aparması bizi elə də maraqlandırmır”

İranın siyasi elitasının qəzeti kimi tanınan “Tehran Tayms”ın (The Tehran Times) başlığı ilə diqqət çəkib. “Zəngəzur: Qafqazı dağıda biləcək dəhliz. İranın qəti şəkildə qarşı çıxdığı bu qeyri-qanuni marşrut üçün yenidən səslənən çağırışlar regionu xaosa sürükləyəcək” -nəşr qeyd edib.

Qəzet iddia edir ki, Bakı İranın Zəngəzur dəhlizinə qarşı çıxdığını yaxşı başa düşür, eyni zamanda Tehranla birbaşa münaqişədən qaçmaq istəyir. Buna görə də Azərbaycan İranın bu məsələyə potensial siyasi və hərbi müdaxiləsinin qarşısını almaq üçün İsrail, İngiltərə, ABŞ və NATO kimi müxtəlif beynəlxalq oyunçuları prosesə cəlb etməyə çalışır: “Məqalədə deyilir ki, İslam İnqilabı rəhbərinin baş müşaviri Əli Əkbər Vilayəti Zəngəzur məsələsini bugünə qədər ən sərt şəkildə pisləyib. Dəhliz əlaqələri gücləndirmək və iqtisadi layihələri inkişaf etdirməkdən çox, İranın Cənubi Qafqazda mövqeyini zəiflətmək, İran və Rusiyaya quru yolla blokada tətbiq etmək və son nəticədə İran daxilində separatizmi qızışdırmaq məqsədi daşıyır”.

Qeyd edək ki, İran son vaxtlar Zəngəzur dəhlizi layihəsinə qarşı açıq təbliğatını kəskin artırıb.

“İran unutmasın ki, Azərbaycan Respublikası Zəngəzur dəhlizinin açılmasına nail olacaq, öz şərtləri daxilində hərəkət imkanları əldə edəcək”

Mövzu ilə bağlı fikir bildirən siyasi şərhçi Azər Həsrət “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Bakı Zəngəzur dəhlizi məsələsi ilə bağlı İranın davranışından narahat deyil: “Məlum mövzuda İran həlledici səsə, rola malik deyil. İranın Zəngəzur dəhlizi ilə bağlı nə danışması, necə müzakirələr aparması bizi elə də maraqlandırmır. Digər məsələ odur ki, İran doğrudan da normal, dinc qonşuluq siyasəti qurmaq istəyirsə, üstəlik iddia etdiyi kimi İslam dövlətidirsə Azərbaycanın bütün təşəbbüslərini dəstəkləməlidir. Bir növ islam, şiə həmrəyliyi nümayiş etdirməlidir. Ancaq biz bunu İrandan görmürük. Əksinə, biz davamlı şəkildə müşahidə edirik ki, İran Azərbaycan torpaqlarını işğal edənErmənistana dəstək verir, indinin özündə düşmən ölkənin tərəfindədir. Onların Zəngəzurla bağlı “nala-mıxa” vurmaları bundan qaynaqlanır. İran öz ayıblarını ört-basdır etmək üçün Azərbaycanın üzərinə hücumlar etməyə çalışır. Ancaq unutmasınlar ki, bu tip gedişlər bizi əsla narahat etmir, Azərbaycan Respublikası Zəngəzur dəhlizinin açılmasına nail olacaq, öz şərtləri daxilində hərəkət imkanları əldə edəcək. Onu da deyim ki, məlum mövzu ilə bağlı qərar verəcək iki tərəf var – biri Azərbaycan, digəri isə Ermənistandır. İran kimi üçüncü tərəflər kənar dursa daha yaxşı olar. Hesab edirəm ki, İran yerində otursun və nəticələri, olacaqları görsün. Onsuz da Zəngəzur dəhlizi gələcəkdə bizim üçün indiki qədər strateji əhəmiyyət daşımıyacaq. Çünki Azərbaycan bütövləşəcək, Güney Azərbaycan azad olacaq. Azərbaycan bütövləşdikdən sonra bizi yolu hardan istəsək ordan da çəkəcəyik, buna görə kimsədən də icazə almayacağıq”.

Günel CƏLİLOVA

Seçilən
12
baki-xeber.com

1Mənbələr