AZ

“I və IV qrupda rəqabət yüksək olacaq” - EKSPERT

“Dövlət İmtahan Mərkəzinin aparat rəhbərinin açıqlamasına əsasən, ixtisas seçimi bu il avqust ayının ortalarında başlayacaq. Bu gecikmə jurnalistika, memarlıq və 5-ci qrup üzrə bəzi qabiliyyət imtahanlarının daha gec tarixlərdə keçirilməsi ilə bağlıdır. Qabiliyyət imtahanları və onların apellyasiya mərhələsi avqustun ortalarında yekunlaşacağından, ixtisas seçiminin də həmin dövrə təsadüf edəcəyi gözlənilir. Ötən il ixtisas seçimi avqustun əvvəlində başlamışdı. Bu il isə təxminən ayın 15-i və ya 16-sı aralığında başlayacağı, bəzi ehtimallara görə isə 20-dək davam edəcəyi bildirilir. Seçim mərhələsi ümumilikdə 10 gün davam edəcək. Abituriyentlər ixtisas seçimini apellyasiya nəticələrinə əsaslanaraq, topladıqları balı Dövlət İmtahan Mərkəzinin təqdim etdiyi cari statistika ilə müqayisə etməklə həyata keçirməlidirlər. Hər il keçid ballarında dəyişiklik baş verir – bəzi illərdə artım, bəzilərində isə azalma müşahidə olunur”.

Bu fikirləri Aznews.az-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

Qeyd edək ki, avqust ayının ortalarında ali təhsil müəssisələrinə ixtisas seçiminin aparılması planlaşdırılır. Bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda qabiliyyət imtahanları və apellyasiya prosesi davam edir: “İxtisas seçimi başlandıqdan sonra proses 10 gün davam edəcək.”

Ekspertin sözlərinə görə, əvvəlki illərin keçid ballarına güvənərək ixtisas seçimi etmək doğru deyil, çünki bu halda abituriyent istədiyi ixtisasa qəbul ola bilməyə bilər.

“Statistik təhlil aparmaqda çətinlik çəkən abituriyentlərin isə mütəxəssislərə müraciət etməsi vacib hesab olunur. Bu yanaşma həm yüksək, həm də aşağı bal toplayanlar üçün keçərlidir. Abituriyentlərin seçim edərkən universitetdən çox ixtisasa üstünlük verməsi tövsiyə olunur. Təəssüf ki, bəzən abituriyentlər zəif ixtisas olsa da, yalnız müəyyən universitetlərdə təhsil almaq istəyirlər. Lakin gələcək karyera imkanları baxımından ixtisas əsas rol oynayır. Təhsilini başa vurduqdan sonra əmək bazarına daxil olan vətəndaş məhz həmin ixtisas üzrə fəaliyyət göstərir. Əgər əmək bazarının tələbləri və reallıqları nəzərə alınmadan seçim aparılarsa, gələcəkdə uyğun iş tapmaqda çətinliklər yarana bilər. Yalnız prestijli universitetə daxil olmaq üçün zəif ixtisası seçmək doğru strategiya deyil. Bu cür qərar nəticəsində məzun olan şəxslər ixtisasları üzrə iş tapa bilmədiklərindən əmək bazarında kənarda qala bilərlər. Seçim zamanı abituriyentlər topladıqları baldan yuxarı olan ixtisasları siyahının əvvəlində, uyğun ixtisasları ortalarda, baldan aşağı olanları isə sonda yerləşdirməlidirlər. Seçimdən sonra isə “Yadda saxla” və “Təsdiq et” düymələrinə klik edilməlidir. Əks halda seçim sistem tərəfindən qeydə alınmır və abituriyent müsabiqəyə buraxılmır”.

Ekspert əlavə edib ki, bu mərhələdə valideynlərin övladlarının qərarına hörmət etməsi xüsusilə önəmlidir:

“Bəzən valideynlər övladlarını öz istəklərinə uyğun sahəyə yönləndirməyə çalışırlar, onların maraq və arzularını nəzərə almırlar. Halbuki ixtisası həyat boyu daşıyacaq olan şəxs elə həmin gəncdir. Abituriyent öz istəyinə uyğun ixtisas seçdikdə həm təhsil dövründə, həm də sonrakı əmək fəaliyyətində daha uğurlu və motivasiyalı ola bilər. Valideynlərin övladlarını dəstəkləməsi, onların maraq göstərdiyi sahədə inkişafına şərait yaratması gələcəkdə həm abituriyent, həm də cəmiyyət üçün daha faydalı nəticələr verəcək. Fikrimcə, bu il I ixtisas qrupunda, xüsusilə Riyaziyyat-İnformatika istiqamətində rəqabət yüksək olacaq. Eyni zamanda IV qrupda da yüksək bal toplayanların çoxluğu müşahidə edildiyindən ciddi rəqabət gözlənilir. II qrupda isə vəziyyətin daha stabil olacağı ehtimal edilir. III qrupda isə bəzi ixtisaslar üzrə rəqabət yüksək olacaq, digərlərində isə nisbətən sakit keçəcəyi proqnozlaşdırılır. Rus bölməsi üzrə plan yerlərinin azalması halında vəziyyətin gərginləşəcəyi ehtimalı da səsləndirilib. Hazırkı mərhələdə dəqiq proqnoz vermək çətindir. Plan yerləri və rəsmi statistika dərc edildikdən sonra daha obyektiv qiymətləndirmə aparmaq mümkün olacaq”.

Rəfiqə Namazəliyeva ,

AzNews.az

Seçilən
12
1
aznews.az

2Mənbələr