AZ

"Qərbi Azərbaycan mədəni irsinin tanıdılması milli kimliyimizin bərpasına xidmət edir"- Pərvanə Vəliyeva/ FOTOLAR

Qərbi Azərbaycan mədəni irsinin tanıdılması məqsədilə Xətai rayonunda keçirilən tədbir geniş ictimai marağa səbəb olub.

Tədbir çərçivəsində Qərbi Azərbaycan xalçaları, mətbəx nümunələri və aşıq musiqisi təqdim olunaraq, bu bölgənin zəngin tarixi və mədəni irsi nümayiş etdirilib. Milli Məclisin deputatı Pərvanə Vəliyeva QHT.az-a açıqlamasında bildirib ki, bu kimi təşəbbüslər Qərbi Azərbaycanın mədəni kimliyini qorumaq və gənc nəslə ötürmək baxımından mühüm əhəmiyyət daşıyır:

"Qərbi Azərbaycan xalçaları yalnız vizual gözəllikləri ilə deyil, həm də hər birinin arxasında dayanan hekayələr və ənənələrlə doludur. Mətbəxi isə, bölgənin spesifikliyi ilə Qərbi Azərbaycan mədəniyyətinin ayrıca bir parçasıdır. Bu cür təqdimatlar, insanların mədəniyyətlərinə bağlılıqlarını daha da artırır və gənc nəsillərə bu irsin ötürülməsinə xidmət edir. Sonuncu deportasiya dalğasında, 1987-ci ildən başlayaraq, Ermənistan hərbi birləşmələrinin apardığı etnik təmizləmə siyasəti nəticəsi olaraq, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20% -i işğal olunmuşdu. Bu, bir çox insanın öz doğma yurdlarından didərgin salınmasına səbəb olub. 2020-ci il Vətən müharibəsi və 2023-cü il anti-terror əməliyyatları ilə Qarabağ və Şərqi Zəngəzurda işğala son qoyuldu. Bu proses, həmçinin müharibənin yaratdığı ağır sosial və iqtisadi nəticələrin aradan qaldırılmasına və sülhə də yol açdı".

Pərvanə Vəliyeva vurğulayıb ki, işğaldan azad olunan ərazilərə qayıdış təkcə fiziki deyil, həm də mədəni və mənəvi kimliyin bərpası prosesidir. Qərbi Azərbaycanlıların tarixi torpaqlarına qayıtması milli kimliyə dönüş anlamı daşıyır və bu istiqamətdə Ermənistan dövlətinin müvafiq şərait yaratması vacibdir:

"İşğaldan azad olunmuş ərazilərə öz sahibləri geri qayıdır və bu ərazilər dirçəlir. Qayıdış, yalnız fiziki bir proses deyil, həm də mədəni və mənəvi olaraq insanların öz köklərinə, kimliyinə dönüşüdür. Qərbi Azərbaycanlı qaçqınların tarixi torpaqlarına geri dönməsi, milli kimliyini bərpası deməkdir.  Bunun üçün Ermənistan dövləti tərəfindən müvafiq şərait yaradılması vacibdir. Qayıdış konsepsiyası, bu prosesin sülh yolu ilə, təhlükəsiz və ləyaqətlə baş tutması üçün sistematik yanaşma təqdim edir. Konsepsiya çərçivəsində hazırlanmış yol xəritəsi, qaçqınların geri dönüşü üçün hüquqi və praktiki tədbirləri əhatə edir. Bu, yalnız insanların geri qayıtmasını deyil, eyni zamanda onların orada təhlükəsiz yaşamasını təmin etməyə yönəldilmişdir. Qayıdış fundamental insan hüququdur; bu, qaçqınların öz torpaqlarına geri dönmək istəyidir və bu yolda atılan hər bir addım regionun gələcəyini formalaşdıracaqdır. Beləliklə, bu cür tədbirlər, yalnız tarixi faktların təbliği baxımından deyil, müasir dövrdə insanları ruhlandırma və milli birliyi gücləndirmə məqsədinə xidmət edir."

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
16
qht.az

1Mənbələr