AZ

54 günə Dünya və Avropa çempionu olan qapıçı: Çempionlar Liqasının qalibi də olmaq istəyirəm - MÜSAHİBƏ

BAKI, 30 iyul. TELEQRAF

Azərbaycan İdman Akademiyasının (ASA) komandası Zaqrebdə keçirilən tələbələr arasında futzal üzrə Avropa çempionatında qızıl medal qazanıb. Komanda üzvlərindən Ağaseyid Qasımov həm yarışın ən yaxşı qapıçısı, həm də "ulduzlar heyəti"nə seçilib. Digər tərəfdən, Qasımov 54 gün ərzində həm dünya, həm də Avropa çempionu olub. O, daha əvvəl Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatında qızıl medal əldə etmişdi.

28 yaşlı qolkiper Teleqraf-a müsahibəsində yarış təəssüratlarını bölüşüb, “ulduzlar heyəti”nə düşməsini şərh edib və digər məsələlərə dair fikirlərini açıqlayıb:

- Qısa müddətdə həm Avropa, həm də dünya çempionu oldunuz. Hansı hissləri keçirdiniz, bu titulları bir-biri ilə necə müqayisə edərdiniz?

- Dünya çempionu olduqdan sonra hisslərim çox gözəl idi. Futzal üzrə Avropa çempionatı tələbələr arasında keçirilsə də, iştirakçıların əksəriyyəti peşəkar idi. Məsələn, İspaniya liqalarında iştirak edənlər var idi. Yarış çox çətin keçdi, demək olar ki, hər gün oyun var idi. Həm də mənim üçün futzal daha ağırdır. Amma maraqlı oldu, qalib gəldik. Bu da gözəl hissdir.

- Avropa çempionatında İspaniya və Fransa komandalarını məğlub etmisiniz...

- Bəli, İspaniyanın iki komandasını məğlub etmişik. Həm yarımfinalda, həm də finalda onlarla qarşılaşmışıq.

- Rəqib komandaların heyətində kimlər vardı?

- Futbolçu olaraq adlarını tanımıram, amma çox istedadlı oyunçular var idi. Ən yaxşı oyunçulardan biri - İspaniyanın Valensiya Universiteti komandasının “10 nömrə"si Xorxe Areçaqa olduqca güclü idi. İspaniyalılar və fransızlar daha yaxşı heyətlə gəlmişdilər. Çox güclü komandalar idilər.

- Bir az müqayisə aparaq: Hiss olunur ki, minifutbolda Elşad Quliyevin baş məşqçi təyin olunması, Vitali Borisovun isə komandanın rəhbəri kimi fəaliyyət göstərməsi yarışa ciddi yanaşdığınızı göstərir. Bəs digər komandalar bu yarışa necə hazırlaşmışdılar?

- Deyərdim ki, digər komandalar bizdən daha yaxşı hazırlaşmışdılar. Sağ olsunlar, Elşad müəllim və Vitali müəllim qələbə qazanmağımızda böyük pay sahibi oldular, əllərindən gələni etdilər. Komandaların hər biri bu turnirə çox ciddi yanaşmışdı. Hər bir yarış iştirakçısının heyətində, hətta masajçıya qədər, bütün üzvlər xüsusi hazırlıqlı gəlmişdilər.

- İndiyə qədər Azərbaycanda belə nəticə olmamışdı. İlkə imza atmaq necə hisdir?

- Əlbəttə, Azərbaycanda indiyə qədər ən yaxşı nəticəni keçən il biz əldə etmişdik. 2024-cü ildə beşinci yeri tutmuşduq. Buna qədər Azərbaycan heç vaxt belə nəticə qazanmamış, maksimum 9–10-cu yerləri tutmuşdu. Biz bunu bacardıq və bu il çempion olduq.

- Minifutbolda qazandığınız dünya çempionluğunun sizə psixoloji təsiri necə oldu?

- Dünya çempionu olmaq özgüvəni artırır. İstər şəxsi işlərində, istərsə də insanların sənə münasibətində simpatiyanın artmasına səbəb olur. Çox yaxşı ad qazandıq. Bu, həm də bizim üçün maraqlı təcrübə oldu. İnsanların bizə münasibəti dəyişdi.

- Yəni, bu nailiyyətin verdiyi özgüvən Avropa çempionatındakı çıxışlarınıza təsirini göstərdimi?

- Əlbəttə. Dünya çempionluğundan sonra Avropa çempionatına daha yüksək səviyyədə, daha peşəkar yanaşdıq. Bu da öz nəticəsini verdi.

- Avropa çempionatına yollanmazdan əvvəl rəhbərlik sizinlə görüşüb nələrsə vəd vermişdi?

- Bəli, rəhbərliklə 2-3 dəfə görüşümüz olmuşdu. Onlar da bildirdilər ki, bu, çox ciddi yarışdır, çünki bizim indiyə qədər nəticəmiz olmayıb, qələbə qazanmaq lazımdır. Yəqin ki, mükafat olacaq, amma bu barədə dəqiq məlumat verilməmişdi. Avropa çempionatının əhəmiyyətini və ciddiliyini hamı anlayırdı. Sadəcə, bizi işıqlandıran olmadı.

- Yəni biganə yanaşdılar?

- Bəli.

- Yəqin turnirə o səviyyədə yanaşmayıblar...

- Amma bu, çox çətin və son dərəcə əhəmiyyətli turnirdir.

- Rəhbərlikdən sizinlə kimlər görüşmüşdü? AFFA nümayəndələri idimi, yoxsa Gənclər və İdman Nazirliyindən?

- Adları yadımdan çıxıb. Məşq prosesi zamanı görüşüblər, məşqlərimizə gəlib baxıblar.

- Tələbə Futbol Federasiyasının prezidenti Firudin Qurbanov gəlmişdi?

- Bəli, o da gəlmişdi. Xorvatiyaya gedib-getmədiyini bilmirəm. Çünki biz ayrı qalırdıq. Amma hər oyundan sonra dəstək olub, zəng edərək komandamıza təbriklərini çatdırıb.

- Deməli, hələ ki mükafatla bağlı heç nə yoxdur?

- Sadəcə deyiblər ki, görüşlər olacaq.

- Avropa çempionatında iki fərdi mükafat da qazandınız...

- Bəli, “ən yaxşı qapıçı” və 5 oyunçudan ibarət “ulduzlar heyəti"nin üzvü kimi mükafata layiq görüldük.

- Böyük futbolda da belə mükafatlar qazanmaq istərdinizmi?

- Hələlik heç bir klubdan dəvət yoxdur. Çünki böyük futbolla demək olar ki, məşğul olmuram. Fikrim tam olaraq minifutbola yönəlib. Qarşıda Çempionlar Liqası var. İki mükafatım qalıb: Avropa çempionluğu və Çempionlar Liqasının qalibi olmaq. Onları da əldə etmək istəyirəm.

- Hansı komanda ilə birlikdə?

- “Zirə”dəyəm. Çempionlar Liqasında bizimlə yanaşı, “Aznur” və “Beerbaşa” da iştirak edəcək. Azərbaycan dünya çempionu olduğuna görə 3 komanda ilə təmsil olunacaq. Amma ümumilikdə hər ölkədən çempionatın birinci və ikinci yerlərini tutan komandalar yollanır.

- Futzal komandasında çıxış etmirsiniz?

- Hələ ki “Zirə”dəyəm. Gələcəkdə nə olacağını bilmək olmaz.

Seçilən
19
teleqraf.com

1Mənbələr