Azərbaycanda alternativ enerjidən istifadə genişlənir: Hədəf – illik 2 milyard
Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadə ildən-ilə artır. Bu sahədə atılan mühüm addımlar, həm dövlətin enerji təhlükəsizliyini gücləndirmək, həm də ətraf mühiti qorumaq baxımından strateji əhəmiyyət daşıyır.
Energetika üzrə ekspert İlham Şabanın Referans üçün verdiyi açıqlamada bildirilir ki, artıq 2025-ci ilin ilk yarısında Azərbaycanda külək və günəş elektrik stansiyalarında 335 milyon kWh enerji istehsal olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə əhəmiyyətli artımdır. Ekspertin proqnozuna görə, bu göstərici ilin sonunadək 700-800 milyon kWh-a çatacaq. 2026-cı ildən etibarən isə istehsal həcminin milyard kWh-ı keçəcəyi gözlənilir.
İlham Şaban qeyd edir ki, yaxın 3 il ərzində – 2028-ci ilə qədər Azərbaycanda alternativ enerji mənbələri vasitəsilə ən azı 2 milyard kWh elektrik enerjisi istehsal ediləcək. Bu, ölkənin enerji balansında bərpa olunan enerjinin payını ciddi şəkildə artıracaq. Alternativ enerjidən istifadənin yalnız iri elektrik stansiyaları ilə məhdudlaşmadığını vurğulayan ekspert, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda tikilən yeni yaşayış evlərinin damında günəş panellərinin, isti su təminat qurğularının quraşdırıldığını bildirir. İnsanlar fərdi təsərrüfatlarda, obyektlərində alternativ enerji qurğularından aktiv istifadə edirlər. Bu artıq geniş yayılmaqdadır. Bundan əlavə, ölkədə günəş panelləri və külək turbinləri üzrə xidmət göstərən şirkətlərin sayı da artıb.
Ekspertin sözlərinə görə, artıq tələbat o qədər çoxalıb ki, bu sahədə biznes üçün də geniş imkanlar açılıb. Azərişığın enerjisindən istifadə etmədən küçə işıqlandırması üçün günəş enerjili lampalardan istifadə edənlər artır. Mən özüm 2018-ci ildən bu sistemlə istifadə edirəm və indi bu lampalar daha ucuz və keyfiyyətlidir.
İlham Şabanın müşahidələrinə görə, Nabran, Axsu və Səngəçal kimi bölgələrdə yerləşən ticarət və xidmət obyektləri də alternativ enerjidən aktiv istifadə edir. Hətta “Caspian Shipyard Company” kimi iri sənaye müəssisələrinin damları tam şəkildə günəş panelləri ilə əhatə olunub.
"Yaxın 5 ildə həm istehsalat göstəricilərində, həm də məişətdə alternativ enerjinin istifadəsi daha geniş vüsət alacaq. Bu isə Azərbaycanda enerji istehlakının daha davamlı və çevik mexanizmlərlə təmin olunmasına xidmət edəcək",- deyə ekspert əlavə edib.
Gülgəz Qədirova
Referans