Sumqayıt Kimya Sənaye Parkı (SKSP) Azərbaycanın qeyri-neft sektorunun inkişafında strateji əhəmiyyətə malik olan əsas sənaye zonalarından biridir. İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan bu sənaye parkı bu günə qədər 6 milyard manatdan artıq investisiya portfelinə malik olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verib və artıq 28-i faktiki olaraq fəaliyyət göstərir. Təkcə bu göstəricilər belə SKSP-nin ölkə sənayesində nə qədər mühüm yer tutduğunu ortaya qoyur. Parkda yaradılmış 6 300-dən artıq daimi iş yeri və istehsal olunan 14,4 milyard manatlıq məhsul həcmi onu təkcə sənaye mərkəzi deyil, həm də iqtisadi dinamikanı artıran bir güc mərkəzinə çevirib.
SKSP-nin fəaliyyətində diqqətçəkən əsas istiqamətlərdən biri ixracyönümlü məhsul istehsalının əhatə dairəsidir. Belə ki, bu günə qədər istehsal olunan məhsulların 5,2 milyard manatlıq hissəsi, yəni ümumi satışın təxminən üçdə birindən çoxu dünya bazarlarına çıxarılıb. Bu, Azərbaycanın “Made in Azerbaijan” brendi ilə beynəlxalq bazarlarda daha güclü təmsil olunmasına şərait yaradır. İxracın coğrafi arealının 70-dən artıq ölkəni əhatə etməsi isə həm məhsul keyfiyyəti, həm də beynəlxalq rəqabət qabiliyyəti baxımından olduqca mühüm göstəricidir. 2024-cü ilin ilk yarısında 545 milyon manatlıq məhsulun ixrac olunması, ötən ilin eyni dövrü ilə müqayisədə 20 faizlik artım fonunda qiymətləndiriləndə, tendensiyanın davamlı yüksəliş xətti üzrə irəlilədiyini demək mümkündür. Bu da ölkənin ümumi ixrac portfelində sənaye məhsullarının payının artması ilə nəticələnə bilər ki, bu da makroiqtisadi balansda qeyri-neft sektorunun çəkisinin artmasına töhfə verir.
Əldə olunan iqtisadi nəticələrin əsas səbəblərindən biri Sumqayıt Kimya Sənaye Parkında tətbiq edilən təşviq mexanizmləri və sahibkarlar üçün yaradılmış üstün şəraitlə bağlıdır. Rezidentlərə dövlət vəsaiti hesabına infrastruktur təqdim olunması və eyni zamanda onların 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən azad edilməsi, texnika və avadanlıq idxalı zamanı isə ƏDV və gömrük rüsumlarının tətbiq olunmaması sahibkarlıq fəaliyyətini stimullaşdıran əsas faktorlar sırasındadır. Təsadüfi deyil ki, bu təşviqlər nəticəsində sahibkarlar texnoloji avadanlıqların idxalı zamanı 400 milyon manatdan artıq vəsaitə qənaət edə biliblər. Bu qənaət edilən vəsait birbaşa olaraq əlavə investisiya imkanları, məhsuldarlığın artırılması və yeni iş yerlərinin yaradılması kimi iqtisadi nəticələrə çevrilə bilər.
Parkda fəaliyyət göstərən müəssisələrin çeşid baxımından da diversifikasiya olunmuş strukturu diqqətçəkicidir. Tikinti kimyəviləri, polad və polimer borular, sürtkü yağları, şüşə lövhələr, keramika plitələri və digər məhsullar təkcə daxili bazarın tələbatını qarşılamaqla kifayətlənmir, həm də ixrac yönümlü sənaye istehsalının nümunəsinə çevrilir. Bu diversifikasiya ölkənin sənaye risklərinin azaldılması və ixracda dayanıqlılığın təmin olunması baxımından strateji əhəmiyyət daşıyır. Xüsusilə də sənaye məhsullarının dünya bazarındakı qiymət dəyişikliklərinə daha az həssas olması, bu istiqamətdəki potensialın artımını daha cazibədar edir.
Bununla yanaşı, SKSP-nin uğurları Azərbaycanın sənaye strategiyasının regionlaşdırılması siyasətinin praktiki nümunəsi kimi də qiymətləndirilə bilər. Belə ki, burada toplanmış uğur təcrübəsi digər sənaye zonalarına da tətbiq oluna və regional iqtisadi yüksəlişin təkanverici mexanizminə çevrilə bilər. Qlobal rəqabət mühitində bu tip parkların uğurlu fəaliyyəti yalnız ölkə daxilində sənaye yüksəlişi yaratmaqla kifayətlənməyəcək, eyni zamanda regionun tədarük zənciri və istehsal şəbəkəsində Azərbaycanın mövqeyini də gücləndirəcək.