AZ

Azərbaycan qlobal qida transformasiyasında tərəfdaşlığa açıq olduğunu nümayiş etdirir - ŞƏRH

Azərbaycanın Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədovun Əddis-Əbəbədə keçirilən BMT-nin Qida Sistemləri üzrə II Sammitində (UNFSS+4) iştirakı və verdiyi mesajlar ölkənin aqrar siyasətinin beynəlxalq səviyyədə koordinasiyaya və tərəfdaşlığa açıq olduğunu nümayiş etdirir. Nazir çıxışında qida sistemlərinin transformasiyasını bəşəriyyətin gələcəyi üçün zəruri addım kimi dəyərləndirib, bu sahədə elmi-innovativ yanaşmaların və texnologiya transferinin önəmini vurğulayıb. O, Azərbaycanın COP29 çərçivəsində iqlim maliyyəsi üzrə əldə etdiyi tarixi razılığı xatırladaraq bu nailiyyətin qlobal qida və kənd təsərrüfatı sistemlərinin dayanıqlılığına təsir edə biləcək əsas mexanizmlərdən biri olduğunu diqqətə çatdırıb. Səfər çərçivəsində afrikalı həmkarlarla keçirilən görüşlərdə isə investisiya, texnologiya, ticarət və təhsil sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

Bu cür beynəlxalq dialoqların və strateji müzakirələrin dəyəri yalnız siyasi və diplomatik münasibətlər çərçivəsində deyil, iqtisadi və texnoloji transformasiya baxımından da ölçülür. Əvvəla, Azərbaycan qlobal qida təhlükəsizliyi təşəbbüslərinə inteqrasiya etməklə, beynəlxalq dəstək fondlarına və təcrübə platformalarına çıxış imkanını genişləndirir. Bu, xüsusilə kənd təsərrüfatında rəqəmsallaşma, iqlimə davamlı əkinçilik texnologiyalarının tətbiqi və məhsuldarlığın artırılması kimi strateji hədəflər baxımından önəmlidir. Nazir Məcnun Məmmədovun da vurğuladığı kimi, aqrar sahədə transformasiya yalnız texniki innovasiyalarla deyil, eyni zamanda mövcud resursların və biliklərin optimal paylaşımı ilə mümkündür.

Hazırda dünya üzrə kənd təsərrüfatı sahəsindəki əsas çağırışlar iqlim dəyişikliklərinin təsiri, ərzaq məhsullarının qiymət dalğalanmaları və təchizat zəncirinin davamlılığı ilə bağlıdır. FAO və digər beynəlxalq qurumların 2024-cü il üzrə hesabatlarında göstərilir ki, iqlim dəyişiklikləri 2030-cu ilə qədər qlobal ərzaq təchizatı xərclərini təxminən 20 faiz artıracaq. Belə şəraitdə Azərbaycanın öz ərzaq sistemlərini təkcə daxili tənzimləmə ilə deyil, həm də beynəlxalq əməkdaşlıq əsasında yeniləməsi iqtisadi və strateji baxımdan əhəmiyyətlidir. Bu kontekstdə Afrika ölkələri ilə qurulan tərəfdaşlıqların gələcəkdə həm investisiya, həm də texnologiya mübadiləsi baxımından faydalı olacağı ehtimal edilir. Nazir səfər zamanı Melkassa Aqrar Tədqiqatlar Mərkəzində apardığı müşahidələrlə də bu mövqeni dəstəkləyib və davamlı əkinçilik praktikasının, zərərvericilərlə mübarizə modellərinin, məhsuldarlığın artırılmasına yönəlik tədqiqatların əhəmiyyətini qeyd edib.

Azərbaycanın bu sammitdə iştirakı həm də ölkənin institusional mövqeyini gücləndirir. COP29 kimi mühüm tədbirlərin ev sahibliyini həyata keçirən bir ölkə olaraq, Azərbaycanın qlobal iqlim və qida siyasətindəki rolu daha strateji xarakter alır. İqlim maliyyəsi sahəsində əldə olunan razılığın məhz qida sistemlərinin inkişafında da istifadəsi, kənd təsərrüfatında yaşıl keçid təşəbbüslərinin dəstəklənməsinə və dayanıqlı maliyyələşdirmə mexanizmlərinin qurulmasına imkan yarada bilər. Bu baxımdan, Azərbaycanın qlobal sammitlərdə aktiv iştirakı həm yerli innovasiya bazarının böyüməsinə, həm də aqrar ixrac potensialının genişlənməsinə yol aça bilər.

Afrika ölkələri ilə aparılan müzakirələr də Azərbaycan üçün ikitərəfli faydalar vəd edir. Qitənin sürətlə artan ərzaq tələbatı və kənd təsərrüfatı sahəsində texnologiyaya ehtiyacı, Azərbaycanın sahibkarları üçün yeni bazar imkanları deməkdir. Eyni zamanda, Azərbaycan da Afrika ölkələrinin aqrar sahədəki bəzi uğurlu təcrübələrindən faydalana bilər. Bu qarşılıqlı model, sadəcə məhsul ticarətinə deyil, həm də elmi tədqiqatlar, texnoloji həllər və insan resurslarının inkişafına əsaslanan bir tərəfdaşlıq formatı yarada bilər.

Bütün bunların fonunda Azərbaycanın qida sistemlərinin transformasiyasına yönəlik beynəlxalq səyləri dəstəkləməsi, yalnız qlobal bir öhdəlik kimi yox, həm də milli iqtisadiyyatın rəqabət qabiliyyətini artırmaq, ixrac potensialını gücləndirmək və ərzaq təhlükəsizliyini təmin etmək üçün praktik bir yol xəritəsi kimi qiymətləndirilə bilər. Qida sistemləri artıq sadəcə kənd təsərrüfatı deyil, eyni zamanda texnologiya, diplomatiya və sosial inkişaf sahələrini birləşdirən kompleks bir sistem kimi çıxış edir. Azərbaycan bu sistemin iştirakçısı kimi qlobal səhnədə öz mövqeyini gücləndirmək üçün zəruri addımları atır.

Nuray,

AzNews.az

Seçilən
9
aznews.az

1Mənbələr