AZ

Dağa dırmanan zaman ağır xəsarət alan Olimpiya çempionunun öldüyü açıqlanıb  

Pakistanda Karakorum dağlarının Laila zirvəsinə qalxarkən ağır xəsarət alan almaniyalı sabiq biatlonçu, ikiqat Olimpiya və dəfələrlə dünya çempionu Laura Dahlmayerin öldüyü açıqlanıb.

AZƏRTAC alman mediasına istinadla xəbər verir ki, idmançının meneceri 31 yaşlı atletin zirvəyə dırmanarkən 5700 metr hündürlükdə daş uçqunu nəticəsində həyatını itirdiyini bildirib.

L.Dahlmayerin ağır xəsarət alması barədə məlumat yayıldıqdan sonra yüksək dağlıq ərazidə və çətin şəraitdə xilasetmə əməliyyatının həyata keçirilməsinə başlanıb. Hadisə yerinin helikopterlə müşahidəsi aparılarkən təcrübəli alpinistdə həyat əlamətləri müşahidə edilməyib. Laila zirvəsi daş uçqunu və hava şəraitinin pisləşməsi səbəbi ilə cəsədin çıxarılması xilasetmə qrupları üçün təhlükəli və qeyri-real hesab olunub.

İdmançının meneceri bu kimi hallarda onun cəsədinin götürülməsi üçün heç kimin həyatını təhlükəyə atmamasının Laura Dahlmayerin yazılı və qəti arzusu olduğunu bildirib: “Onun arzusu bu halda cəsədinin dağda qalması idi. Bu, yaxınlarının da istəyidir və onlar hamıdan Lauranın son arzusuna hörmətlə yanaşmağı xahiş edirlər”.

Qeyd edək ki, L.Dahlmayer qış idman növləri tarixində ən uğurlu idmançılardan biri hesab olunur. O, 2018-ci ildə Cənubi Koreyada keçirilən Olimpiya Oyunlarında iki qızıl və bir bürünc medal qazanıb. Bundan başqa, L.Dahlmayer yeddi dəfə dünya çempionu olub. Təcrübəli idmançı dünya çempionatlarında ardıcıl mövsümlərdə ümumilikdə 13 medal, bir çempionatda isə beş qızıl medal qazanan ilk qadın biatlonçu kimi tarixə düşüb. Onun Dünya Kubokunda ümumilikdə 20 qələbəsi var. L.Dahlmayer bu titullara 25 yaşınadək nail olub. Belə ki, o, 2019-cu ildə gözlənilmədən idman karyerasını başa vurub, sonrakı illərdə isə dağ xizəyi bələdçisi ixtisası üzrə təhsil alıb. Almaniyanın ZDF telekanalında biatlon üzrə ekspert kimi çalışan L.Dahlmayer idman karyerasından sonra dağçılıqla məşğul olub.

Qeyd edək ki, hündürlüyü 6096 metr olan Laila zirvəsi dünyanın ən çətin dırmanan zirvələrindən hesab olunur.

Seçilən
79
4
azerbaijan-news.az

5Mənbələr