Peşəkar Futbol Liqasının keçmiş prezidenti Ramin Musayev futbol üzrə Azərbaycan milli komandası barədə açıqlaması ilə gündəm olub.
Hurriyyet.az xəbər verir ki, o, “Teleqraf”a müsahibəsində milli komandanın artıq yox olduğunu deyib.
R.Musayev buna səbəb kimi Azərbaycan Premyer Liqasında legioner limitinin aradan qaldırılmasını göstərib:
“Yerli futbolçuların azalmasına görə baş məşqçiləri qınamağa heç kimin haqqı yoxdur. Qınanılası bir qurum var, o da AFFA-dır. Limitlə bağlı qərarı komandalar yox, milli assosiasiya verib. Klublar legioner oynatmaq imkanlarının olmadığını bilsələr, avrokubok qarşılaşmalarında da yerlilərdən yararlanarlar. Komandalar arxayındırlar ki, yerli futbolçu oynatmaq məcburiyyətləri yoxdur. Gəlin, biz klublarla yanaşı, millini də düşünək. Milli komanda artıq yoxdur, olmayacaq da. Yaxın 5 ildə millidən heç bir nailiyyət gözləməyək. Kimi istəsəniz, baş məşqçi qoyaq, lap bütün yerli mütəxəssislər olsun, xeyri olmayacaq. Çünki millinin futbolçuları çempionatda oynamayacaqlarsa, yığmada da heç bir oyun göstərə bilməyəcəklər. Demək olar ki, Allah milli komandamıza rəhmət eləsin!”.