Son zamanlar Rusiyadakı anti-Azərbaycan kampaniyasında ən çox önə verilən “simasız similar”dan biri də “Ədalətli Rusiya — Həqiqət naminə” partiyasının sədri, Duma deputatı Sergey Mironovdur.
Hurriyyet.az xəbər verir ki, Azərbaycan əleyhinə bəyanatları ilə tanınan Mironov TASS-ın baş direktorunun keçmiş birinci müavini Mixail Qusmanın dövlət mükafatlarından məhrum edilməsini istəyib. Mironov bu barədə özünün Telegram kanalında paylaşım edib.
Mironovun sözlərinə görə, “Rusiya Federasiyası Konstitusiyasının 89-cu maddəsinə dəyişiklik etmək və Rusiya prezidentinə təkcə dövlət mükafatlarını təqdim etmək deyil, həm də onlardan məhrum etmək hüququnun verilməsinə” ehtiyac var.
Xatırladaq ki, iyulun 24-də Rusiyanın Baş naziri Mixail Mişustin Mixail Qusmanı TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edib. Bu qərarın səbəbləri sənəddə göstərilməyib.
Lakin hər kəsə məlumdur ki, əslən Bakıdan olan Qusman son Şuşa Media Forumunda iştirakına və Azərbaycan Prezidentinin ünvanına söylədiyi xoş sözlərə görə “cəzalandırılır”.
AzPolitika.info