AZ

“Barselona” Mark-Andre ter Ştegenlə bağlı bəyanat yaydı

“Barselona” “blauqrana”nın 33 yaşlı alman qapıçısı Mark-Andre ter Ştegenin səhhəti haqqında rəsmi bəyanat yayıb.

Arena.az Kataloniya klubunun rəsmi saytına istinadən məlumat verir ki, qapıçının belində cərrahi əməliyyat aparılıb.

Bu üzdən komanda qapıçının xidmətindən qeyri-müəyyən müddətdə istifadə edə bilməyəcək. Bildirilir ki, Ter Ştegenin yaşıl meydanlara qayıdışı, onun bərpa müddətindən asılı olacaq. Müvafiq müddətlə bağlı açıqlama verilməsə də, kütləvi-informasiya vasitələrinə sızmış məlumata görə, Ter Ştegenin bərpa müddəti ən azı dörd ay çəkə bilər.

Mark-Andre Ter Ştegen Mönxenqladbax “Borussiya”sının məzunudur. Alman qapıçı məhz yetirməsi olduğu klubun düşərgəsindən 2014-cü ilin iyul ayında 12 milyon avro məbləğ müqabilində “Barselona”ya keçib. Ter Ştegenin İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Geridə qalmış 2024/2025-ci illər mövsümündə Ter Ştegen “blauqrana” üçün 9 oyun keçirib, 11 qol buraxıb, 1 oyunda “çərçivə”sini qoldan qoruya bilib.

Alman qapıçının “Barselona”dakı çıxışının ümumi mənzərəsi 422 oyun, 416 buraxılmış qol və 175 “quru” oyundan ibarətdir.

Ter Ştegen “Barselona” ilə 6 dəfə İspaniya La Liqasının, 6 dəfə İspaniya Kral Kubokunun, 4 dəfə İspaniya Super Kubokunun, Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Mark-Andre Ter Ştegen 2012-ci ilin may ayında debüt etdiyi Almaniya yığmasının heyətində 44 oyuna 54 qol buraxıb, 13 “quru” oyun keçirib. Qapıçı Almaniya yığması ilə 2017-ci Konfederasiyalar Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 33 yaşlı alman qapıçının transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
9
arena.az

1Mənbələr