AZ

"Bu 43 kilometrin nə qədər vacib olduğunu anlayırıq” - Xaçaturyan Zəngəzur dəhlizini dəstəkləyir, amma...

Ermənistandakı ruspərəst və qatı millətçi qüvvələr hər nə qədər Zəngəzur dəhlizinin açılmasının əleyhinə təbliğat aparsalar da, ölkə hakimiyyəti bütün səviyyələrdə bu dəhlizin ilk növbədə Ermənistanın özünün xeyrinə olduğunu izah etməyə çalışır.

“Sünik(Zəngəzur-red.) Ermənistanın gələcək inkişafı üçün qapıya çevriləcək”.

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Sünikdə keçirdiyi müşavirədə deyib.

“Əgər biz Sünikin qapılarını aça bilsək, mən 43 kilometrlik ərazinin imkanları nəzərdə tuturam, o zaman əmin ola bilərsiniz ki, gələcək inkişafımız üçün böyük imkanlar açılacaq. “Sülh qovşağı” beynəlxalq ictimaiyyət tərəfindən çox yaxşı qarşılanır və hər kəs üçün çox cəlbedicidir. Biz böyük bir kəşf etməmişik, amma mövcud reallığı masaya qoyuruq və bu imkanları aydın şəkildə təqdim edirik. Bu 43 kilometrin və Sünikin nə qədər vacib olduğunu anlayırıq. Məqsədimiz yaxın vaxtlarda sülh sazişi imzalamaqdır” deyə, o, bildirib.

Qeyd edək ki, görüşdə Ermənistanın Ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan, hüquq-mühafizə orqanlarının nümayəndələri, yerli icra orqanları və bölgədəki icmaların rəhbərləri iştirak ediblər. Prezidentin çıxışı isə erməni mətbuatında geniş şəkildə işıqlandırılıb.

Göründüyü kimi, prinsip etibarilə Ermənistanın başında duranlar hər addımda Zəngəzur dəhlizinin açılmasına hazır olduqlarını nümayiş etdirirlər. Lakin konkret addımlara gəlincə, hələlik ciddi irəliləyiş nəzərə çarpmır. Bir-biri ilə ziddiyyət təşkil edən açıqlama və bəyanatlar isə Ermənistan rəhbərliyinin sözü ilə əməli arasındakı əlaqənin itdiyi barədə təəssüratı daha da gücləndirir.

AzPolitika.info

Seçilən
8
hurriyyet.az

1Mənbələr